Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə 70 minə yaxın sakin tibbi müayinədən keçmişdir

23 aprel 2014 | 15:00

Dövlətimizin başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, əhalinin tibbi müayinədən keçirilməsi aksiyası Şəki rayonunda da uğurla başa çatmaq üzrədir.
    Fevralın 17-dən davam edən aksiya çərçivəsində indiyədək 70 minə yaxın rayon sakini müayinədən keçərək öz səhhətləri barədə ətraflı məlumat əldə etmişdir. Müayinədən keçənlərin 6307 nəfərinə müalicə təyin olunmuş, 102 nəfər stasionar müalicəyə cəlb edilmişdir. Bundan əlavə, daha ciddi müayinə və müalicəyə ehtiyacı olan 42 xəstə paytaxtın ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilmişdir.
    Rayonun 40-dan artıq yaşayış məntəqəsində tibbi müayinələrin başa çatdığını bildirən baş həkim, müraciət edən vətəndaşların əksəriyyətində qan təzyiqi, ürək-damar, piylənmə, şəkər, zob kimi xəstəliklərin, endokrinoloji problemlərin aşkar olunduğunu diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, sakinlərə xəstəliklərin profilaktikası barədə ətraflı məlumat verilir, müvafiq müalicə kursları təyin edilir.
    Tibbi müayinələr təcrübəli mütəxəssislərdən ibarət 4 həkim briqadası tərəfindən əvvəlcədən müəyyənləşdirilmiş cədvəl əsasında həyata keçirilir. Müayinələrin keçirildiyi xəstəxananın konsultativ poliklinika şöbəsi aksiyaya başlandığı gündən gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Hər gün bu səhiyyə ocağına yüzlərlə rayon sakini müraciət edir. Buradakı ümumi və biokimyəvi laboratoriyalar, rentgen, elektrokardioqrafiya, ultrasəs və digər müayinə kabinetləri əhaliyə gün ərzində pulsuz xidmət göstərir. Bundan əlavə, müxtəlif ixtisaslı həkimlərin daxil olduqları səyyar briqadalar ucqar kəndlərin əhalisinə, habelə xəstəxanalara gəlmək imkanı olmayan sakinlərə yerlərdə tibbi xidmət göstərirlər.
    Bütün ölkə əhalisi kimi, şəkililər də bu nəcib təşəbbüsə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirirlər.

Keçidlər