Şriftin ölçüsü :

Saytın rəngi :

Avropa Şurasının Bakı ofisinin rəhbəri Şəkidə olmuşdur

07 iyul 2014 | 15:00

Avropa Şurasının Bakı ofisinin rəhbəri xanım Draqana Filipoviç iyulun 5-də Şəkidə olmuşdur.
Şəhər icra hakimiyyətində keçirilən görüşdə qonağa Şəkinin tarixi, mədəniyyəti, iqtisadiyyatı və turizm potensialı barədə məlumat verilmişdir. Bildirilmişdir ki, Şəkinin iqtisadiyyatının inkişafı əsasən kənd təsərrüfatı və turizmlə bağlıdır. Ötən il Şəkiyə 100 mindən artıq turist gəlmişdir. Şəhərdə dünya və ölkə əhəmiyyətli tarixi-memarlıq abidələri mövcuddur. Rayonda, həmçinin kənd təsərrüfatı da sürətlə inkişaf edir, yeni layihələr həyata keçirilir. Vurğulanmışdır ki, bu gün təkcə Şəkidə deyil, ölkənin bütün regionlarında sürətli inkişaf gedir. Hazırda Şəkidə “İpək Yolu” Beynəlxalq musiqi festivalı uğurla davam edir.
Şəkiyə səfərindən məmnun qaldığını bildirən Draqana Filipoviç Avropa Şurası ilə Azərbaycan arasında müxtəlif sahələrdə çox yaxşı əməkdaşlığın yarandığını vurğulamış, bu əlaqələrin daha inkişaf etdiriləcəyinə əminliyini ifadə etmişdir. O bildirmişdir ki, Şəkidə ənənəvi olaraq hər il keçirilən bu festival Azərbaycanda mədəni dəyərlərə olan münasibəti bir daha sübut edir.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Keçidlər