Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki “İpək Yolu” V beynəlxalq musiqi festivalı başa çatmışdır

07 iyul 2014 | 15:00

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən “İpək Yolu” V beynəlxalq musiqi festivalı uğurla başa çatmışdır.
İyulun 1-də başlanan və beş gün davam edən bu möhtəşəm musiqi bayramının iştirakçıları, şəhərin qonaqları, ölkəmizdə akkreditə oldunmuş diplomatik korpusun nümayəndələri, musiqisevərlər Hindistan, Çin, Türkiyə və Rusiyanın, eləcə də Azərbaycanın teatr, musiqi, rəqs və folklor kollektivlərinin bir-birindən maraqlı və rəngarəng konsert proqramlarını izləmişlər. “Eurovision” mahnı müsabiqəsi qalibləri və iştirakçılarının qala-konserti festivalın yeniliyi olmuşdur. Festival çərçivəsində Türkdilli Ölkələrin Mədəniyyət Təşkilatına (TÜRKSOY) üzv ölkələrin rəssamlarının sərgisi açlmış, TÜRKSOY-un türkdilli ölkələrin milli geyimlərindən ibarət hazırladığı moda sərgi nümayiş etdirilmişdir.
İyulun 5-də XIX əsrə aid tarixi-memarlıq abidəsi “Aşağı Karvansaray” kompleksində festivalın təntənəli bağlanış mərasimi olmuşdur.
Mərasimdə Sankt-Peterburq “Ermitaj” dövlət simfonik orkestri Azərbaycan solistlərinin iştirakı ilə maraqlı konsert proqramı təqdim etmişdir.
“Ermitaj” dövlət simfonik orkestri muzey məkanında daimi fəaliyyət göstərən yeganə simfonik orkestrdir. Rusiyanın gənclərdən ibarət “Sankt-Peterburq Kamerata” orkestrinin bazasında yaradılan və 1994-cü ildə “Ermitaj” dövlət simfonik orkestri statusu alan bu kollektiv qısa müddətdə elitar musiqi kollektivinə çevrilmişdir. Orkestr bugünədək öz konsert fəaliyyətini Sankt-Peterburqun Qış sarayında və Ermitaj teatrında davam etdirir. 2009-cu ilədək orkestrin bədii rəhbəri və baş drijoru bu kollektivin yaradıcısı, SSRİ Xalq Artisti, Dövlət mükafatları laureatı Saulüs Sondetskis (Litva-Rusiya) olmuşdur. 2009-cu ildən orkestrə Fabio Mastranjello (İtaliya-Rusiya) rəhbərlik və drijorluq edir.
Yarandığı gündən etibarən orkestr Rusiya və xarici ölkələrin bir çox mötəbər konsert salonlarında çıxış etmişdir. “Ermitaj” dövlət simfonik orkestri dünyanın bir çox görkəmli drijorlarının – İyequdi Menuxin, Mstislav Rostropoviç, Vladimir Spivakov, Valeriy Gergiyev, Kristof Penderetski, Maksim Şostakoviç və Yudjin Konun rəhbərliyi ilə konsertlər vermişdir. Orkestr İ. Oystrax, N. Qedda, N. Qutman, İ. Monigetti, V. Kraynev, Y. Obraztsova, N. Petrov, Z. Bron, L. Kazarnovskaya, B. Bonney, D. Xvorostovski kimi dünya şöhrətli solistləri müşayiət etmişdir.
“Ermitaj” dövlət simfonik orkestri Azərbaycanda ilk dəfə olaraq Şəkidə keçirilən “İpək Yolu” V beynəlxalq musiqi festivalı çərçivəsində drijor Arkadiy Şteynluxtin rəhbərliyi ilə çıxış etmişdir. Azərbaycan Dövlət Opera və Balet Teatrının solistləri, Əməkdar Artist Gülnaz İsmayılova və Fərid Əliyevin ifa etdikləri Avropa və rus bəstəkarlarının əsərləri, həmçinin Tofiq Quliyevin “Bakı haqqında mahnı” və Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Əsgərin ariyası tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.
Konsertin sonunda festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə və festivalın təşkilat komitəsinin üzvü, “Mədəni İrsin Qorunmasına Dəstək” İctimai Birliyinin rəhbəri Dünyamin Xəlilov çıxış edərək bu mötəbər musiqi tədbirinin yüksək səviyyədə keçirilməsinə görə Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirmişlər.
Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov yubiley festivalının Şəkinin mədəni həyatında çox mühüm hadisə olduğunu bildirmiş, festivalın keçirilməsində zəhməti olan qurumların, diplomatik korpusun və musiqi kollektivlərinin təmsilçilərinə şəhər ictimaiyyəti adından minnətdarlıq etmişdir.
Sonda orkestrin drijoruna, həmçinin Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadəyə və İctimai Birliyin rəhbərinə Şəki Şəhər İcra Hakimiyyəti adından xatirə hədiyyələri təqdim olunmuşdur

Keçidlər