Şriftin ölçüsü :

Saytın rəngi :

“ASAN xidmət”in səyyar avtobusu Şəki şəhərində bölgə sakinlərinə xidmət göstərir

31 iyul 2014 | 15:00

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməkdə davam edir.
Zaqatala şəhərində fəaliyyətini uğurla başa vuran “ASAN xidmət”in səyyar avtobusu iyulun 31-dən Şəki şəhərində bölgə əhalisinə xidmət göstərməyə başlayıb. Avqustun 7-dək davam edəcək səyyar xidmətlərdən Zaqatala, Qax və Şəki rayonlarının sakinləri yararlana biləcəklər.
Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə və Daxili İşlər nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, torpaq kadastrı məlumatları barədə arayışların verilməsi, əmək pensiyalarının təyin edilməsi, yaşayış evləri (mənzillər) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi daxildir.
Əhaliyə səyyar xidmətlərin göstərilməsi üçün Şəki şəhərinin mərkəzində - telekommunikasiya qovşağının binasının yaxınlığında xüsusi yer ayrılıb. Burada əhaliyə xidmətlərin göstərilməsi üçün hər cür şərait yaradılıb. Vətəndaşlar vaxt itirmədən, heç bir maneə ilə rastlaşmadan öz istədiklərinə nail olurlar.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin səyyar xidmətin təşkili şöbəsinin baş məsləhətçisi Namiq Bəkirov müsahibəsində bildirdi ki, 2014-cü ilin sonunadək səyyar “ASAN xidmət” vasitəsilə 35 məntəqədə 41 rayonun sakinlərinə müvafiq xidmətlərin həyata keçirilməsi nəzərdə tutulur. Aprelin 1-dən davam edən səyyar xidmətlər çərçivəsində indiyədək 18 məntəqədə 22 rayonun 41 minə yaxın sakininə müvafiq xidmətlər göstərilib. O cümlədən iyulun 10-dan 25-dək Zaqatala şəhərində təşkil olunan səyyar xidmət zamanı 4600 nəfərə yaxın bölgə sakini “ASAN xidmət”in verdiyi imkandan yararlanıb.
Qurumun təmsilçisinin bildirdiyinə görə, Şəkidən sonra “ASAN xidmət”in səyyar avtobusu avqustun 9-dan etibarən Qəbələ şəhərində Oğuz və Qəbələ rayonlarının əhalisinə xidmət göstərəcək.

Keçidlər