Şriftin ölçüsü :

Saytın rəngi :

Qafqaz motofestivalı başa çatmışdır

31 avqust 2014 | 15:00

Şəki şəhərində keçirilən Qafqaz motofestivalı çərçivəsində avqustun 30-da möhtəşəm motoparad keçirilmişdir.
   Şəhərin H.Əliyev prospekti ilə S.Mümtaz küçəsinin kəsişdiyi ərazidəki dairədən start götürən baykerlər S.Mümtaz küçəsi – M.Ə.Rəsulzadə prospekti – M.F.Axundzadə prospekti marşrutu üzrə hərəkət etmiş və XIX əsrə aid tarixi-memarlıq abidəsi “Aşağı Karvansaray” kompleksinin həyətində dayanmışlar. Motoparadda dünyanın bir çox guşələrindən – ABŞ, İngiltərə, Türkiyə, Rusiya, Gürcüstan, Xorvatiya, İran, Böyük Britaniya və s. ölkələrdən gələn baykerlər öz ölkəsinin bayraqları ilə marşrut boyu şəhərin küçələrində sakinlərin önündən keçmişdilər.
   Motofestivalın proqramına uyğun olaraq həmin gün axşam saatlarında “Aşağı Karvansaray” kompleksində möhtəşəm sou-konsert proqramı təşkil olunmuşdur. Əvvəlcə gənc müğənni Mina Sovetskaya səhnəyə çıxmışdır. Sonra  ABŞ-dan festivalda iştirak etmək üçün dəvət olunmuş rok qrupu AC/DC səhnəyə çıxaraq ritmik şou göstərmişdir.  Daha sonra səhnəyə çıxan ABŞ-ın məşhur müğənnisi Maykl Ceksonun oxşarı bir-birinin ardınca pop kralin ifalarını səsləndirərək insanları coşdurmuşdur.
   Sonra Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov və ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayev səhnəyə çıxaraq ayrı-ayrı nominasiya üzrə qalib gəlmiş baykerləri mükafatlandırmışlar. Belə ki, “Moto lady” nominasiyası üzrə Həsənova Nərminə, “Yığılma moto” nominasiyası üzrə Ələsgər Aydınov, möhtəşəm “Səs boğucu” adına Orxan və “Ən balaca moto” nominasiyası üzrə Mehman Xanməmmədli mükafatlandırılmışdır.
  Sonda ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayev Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubova xatirə hədiyyələri təqdim etmişdir. Elxan Usubov isə öz növbəsində təşəkkürünü bildirərək bu iki gündə Şəkidə unudulmaz günlərin yaşandığını vurğulamış və bundan sonra motofestivalın Şəki şəhərində keçiriləcəyinə görə fəxr duyduğunu qeyd etmişdir.
   Avqustun 31-də Qafqaz motofestivalının iştirakçıları Şəkinin tarixi abidələri ilə tanış olduqdan sonra şəhərimizi tərk edəcəklər

Keçidlər