Şriftin ölçüsü :

Saytın rəngi :

Ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlar mükafatlandırılıb

05 sentyabr 2014 | 15:00

Sentyabrın 4-də Şəki şəhərindəki “Şəki-Palas” otelində ali məktəblərə builki qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazanan gənclərlə şəhər rəhbərliyinin görüşü olub.
Təhsil işçilərinin, valideynlərin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbiri şəhər təhsil şöbəsinin müdiri Südabər İsmayılova açaraq şəkili məzunların qazandıqları uğurlar barədə danışıb. Bildirilib ki, ali məktəblərə qəbul imtahanları Şəki məzunları üçün olduqca uğurlu olub. Rayonun ümumtəhsil məktəblərini bitirən şagirdlərdən 19 nəfəri “Qızıl medal”a layiq görülüb. Ali məktəblərə sənəd vermiş 1130 məzundan 612 nəfəri tələbə adını qazanıb. Bundan əlavə, 170 nəfər orta ixtisas məktəblərinə qəbul olunub. Qəbul imtahanlarında məzunlardan 135 nəfəri 500-dən, o cümlədən 40 nəfəri 600 baldan yuxarı nəticə göstərib.
Qeyd olunub ki, qəbul imtahanlarında şəhər 18 nömrəli tam orta məktəbinin məzunu Secan Qaffarlı hamıdan çox – 695 bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının iqtisadiyyat fakültəsinə daxil olub. Şəhərdəki 7 nömrəli tam orta məktəbin məzunu Nizami Qasımov 691, şəhər 5 nömrəli tam orta məktəbinin məzunu Minayə Xurşudova isə 685 bal toplayıblar.
Görüşdə “Qızıl medal”a layiq görülən, həmçinin qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərərək tələbə adını qazanan gənclərə şəhər icra hakimiyyəti adından qiymətli hədiyyələr təqdim olunub.
Tədbir məktəblilərin hazırladıqları maraqlı konsert proqramı ilə başa çatıb.

Keçidlər