Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə beynəlxalq teatr festivalının keçirilməsi çox əlamətdar hadisədir

14 sentyabr 2014 | 15:00

Şəkidə Beynəlxalq teatr festivalının keçirilməsi çox əlamətdar hadisədir. Bir şəkili kimi, bundan qürur duyuram. Bu günlər Şəkidə çox gözəl ab-hava var, hər tərəf qaynayır. Şəhər sakinlərinin sevincini yaxşı başa düşürük. Onlar televiziya ekranlarından izlədikləri aktyorları indi canlı görürlər, tamaşalarını seyr edirlər. Bütün bunlar sakinlərdə xoş əhval-ruhiyyə yaradır.
Bu sözləri birinci Şəki Beynəlxalq teatr festivalında iştirak edən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru Qurban Məsimov jurnalistlərə müsahibəsində söyləyib. Bildirib ki, kollektivimiz festivalda Şəki tamaşaçılarına “Çanta trio” tamaşasını təqdim edib.
Tamaşaçıların çox fəal olduqlarını bildirən baş rejissor daha sonra deyib: “Şəki qədim zamanlardan da çox teatral bir şəhər olub. Bu şəhərin hər bir küçəsi, məhəlləsi, şəkililərin ləhcəsi, danışığı özü bir teatrdır. Şəki tamaşaçısı qarşısında çıxış etmək çox məsuliyyətli bir işdir. Zalda bu qədər tamaşaçını, uşaqları görmək məndə böyük sevinc hissi yaradıb. Çünki tamaşaçı nə qədər çox olarsa, aktyor da bir o qədər həvəslə oynayar”.
Teatrın baş rejissoru bildirib ki, yaradıcı kollektiv bu tamaşanı ilk dəfə Hindistanın Nyu Dehli şəhərində keçirilən “İşara” Beynəlxalq kukla teatrları festivalında nümayiş etdirib. Daha sonra teatr bu tamaşa ilə Kurqanda keçirilən beynəlxalq festivalda iştirak edib. Şəki festivalından sonra isə yaradıcı kollektiv “Çanta trio” tamaşasını Misirdə keçiriləcək beynəlxalq festivalda nümayiş etdirəcək.

Keçidlər