Şriftin ölçüsü :

Saytın rəngi :

Teatrın yaradıcı kollektivi Şəki tamaşaçılarına “Pantomim buketi”ni təqdim edib

17 sentyabr 2014 | 15:00

Şəkidə ilk dəfə keçirilən Beynəlxalq teatr festivalı teatrsevərləri, şəhərin qonaqlarını bir-birindən maraqlı tamaşalarla sevindirməkdə davam edir. Artıq bir həftədir ki, respublikamızın tanınmış teatr kollektivləri, eləcə də Rusiyadan, Qazaxıstandan gəlmiş kollektivlər tamaşaçılara mənalı istirahət, xoş anlar bəxş edirlər.
Festivalın proqramına uyğun olaraq, sentyabrın 16-da Azərbaycan Dövlət Pantomima Teatrı Şəki teatrsevərlərinə “Pantomim buketi” adlı tamaşa təqdim edib.
“Pantomim buketi” tamaşasının quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Bəxtiyar Xanızadə, quruluşçu rəssamı Qurban Məsimov, musiqi tərtibatçısı Elman Rəfiyevdir. Tamaşada əsas rolları əməkdar artistlər Nargilə Qəribova, Pərviz Məmmədrzayev, aktyorlar Elnur İsmayılov, Elman Rəfiyev, Qurban Məsimov, Ceyhun Dadaşov və başqaları ifa ediblər.
Tamaşa teatrsevərlər tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb.
Sonda teatrın kollektivinə festivalın diplomları təqdim olunub.
Bu teatr Azərbaycan teatr tarixində ilk pantomim teatrdır. 1994-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin müvafiq sərəncamı ilə “Dəli yığıncağı” pantomima teatr-studiyası kimi yaranan, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının nəzdində fəaliyyət göstərən bu studiyaya 2000-ci ildə dövlət teatrı statusu verilib. Teatrın kollektivi Azərbaycan tamaşaçısına teatr sənətinin bir qolu olan pantomima janrını tanıtmaq və sevdirmək kimi məsuliyyətli bir işi öhdəsinə götürüb. Ötən müddətdə kollektiv dünyanın bir sıra ölkələrində keçirilən beynəlxalq festivallarda Azərbaycan teatrını layiqincə təmsil edib, uğurlar qazanıb.

Keçidlər