Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları müzakirə edilmişdir

15 oktyabr 2014 | 15:00

Festivallar şəhəri kimi tanınan Şəkidə 2014-cü ilin ötən dövrü ərzində 4 Beynəlxalq festival – o cümlədən iyulda “İpək Yolu” V Beynəlxalq musiqi və şirniyyat festivalları, avqustun axırında “Qafqaz” motofestivalı və sentyabrın 10-19-da I Şəki Beynəlxalq teatr festivalı keçirilib. Bu festivallara 20-dək xarici ölkədən 200 nəfərdən çox iştirakçı qatılıb. Noyabrda Şəkidə daha bir festivalın keçirilməsi nəzərdə tutulur.
Bu barədə cari ilin doqquz ayının yekunları ilə bağlı oktyabrın 15-də Şəki Şəhər İcra Hakimiyyətində keçirilən yığıncaqda məlumat verilib.
Şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov hesabat məruzəsində bildirib ki, 2014-cü ilin doqquz ayında Şəki rayonunda ilkin hesablamalara görə 235 milyon 611 min manatlıq məhsul buraxılıb və xidmətlər göstərilib. Rayon üzrə orta aylıq əmək haqqı ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 faiz artaraq 250 manat təşkil edib. Müddət ərzində rayonda pərakəndə əmtəə dövriyyəsinin həcmi 3,9 faiz artaraq 203 milyon 420 min manat olub. Doqquz ayda istehsal və qeyri istehsal sahələrinin inkişafına yönəldilən investisiyaların həcmi 32 milyon 558 min manat olub. Cari ilin doqquz ayında rayonda 1100 yeni iş yeri açılıb.
Bildirilib ki, hesabat dövründə Şəki şəhərində təhsil şöbəsi üçün yeni inzibati bina, Şin və Baş Şabalıd kəndlərində dövlət vəsaiti hesabına 280 və 120 şagird yerlik yeni məktəb binaları tikilib istifadəyə verilib. Hazırda Göybulaq, Baş Göynük və Qoxmuq kəndlərində yeni məktəb binalarının tikintisi davam etdirilir. Cari ildə Gənclər və İdman Nazirliyinin sifarişi ilə Şəki şəhərində “Gənclər evi”nin, Baş Göynük kəndində isə idman zalının tikintisinə başlanılıb. Yerli büdcə vəsaiti hesabına şəhərin 12 küçəsinə asfalt-beton örtük çəkilib.
Qeyd olunub ki, hesabat dövründə əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi diqqət mərkəzində saxlanılıb. Ötən dövrdə 1503 ailəyə ünvanlı dövlət sosial yardımı təyin edilib. Hazırda rayonda 2197 ailə bu yardımdan faydalanır.
Bildirilib ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən və avqustun 1-dən sentyabrın 6-dək davam edən tur-aksiya çərçivəsində Şəkiyə respublikamızın 19 şəhər və rayonundan 900 nəfərə yaxın məktəbli gəlib.
Yığıncaqda görülmüş işlərlə yanaşı, həlli vacib olan məsələlərə də toxunulub. Diqqətə çatdırılıb ki, cari ilin 9 ayında rayonda 821 yeni abonent təbii qazla təmin edilsə də, qazlaşmanın gedişini heç də qənaətbəxş hesab etmək olmaz. Yerlərdə əhali ilə keçirilən səyyar qəbullar zamanı sakinlər daha çox  qazlaşma ilə bağlı müraciətlər edirlər.
Yığıncaqda hesabat dövründə aqrar sahədə görülən işlər, xidmət təşkilatlarının fəaliyyəti, vətəndaşların ərizə və şikayətlərinə baxılması və digər məsələlər də ətraflı təhlil olunub.

Keçidlər