Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Yaponiya hökumətinin qrant yardımı ilə 14 layihə reallaşıb

17 oktyabr 2014 | 15:00

Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində daha bir layihənin – “Şəki şəhərində 15 nömrəli uşaq bağçasının tikintisi” layihəsinin icrası uğurla başa çatıb.
Bu münasibətlə oktyabrın 17-də Şəki şəhərində mərasim keçirilib. Mərasimdə Yaponiyanın Azərbaycan Respublikasındakı səfiri Tsuquo Takahaşi və Şəki Şəhər İcra Hakimiyyətinin başçısı  Elxan Usubov  iştirak edib.
Mərasimdə qeyd olunub ki, son illər respublikamızda məktəbəqədər təhsilin inkişafına ölkə rəhbərliyi tərəfindən xüsusi qayğı göstərilir. Azərbaycan dövlətinin başçısı İlham Əliyevin, eləcə də Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın böyük diqqət və qayğısı sayəsində məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün davamlı tədbirlər həyata keçirilir, yeni uşaq bağçaları inşa edilir, bina şəraiti müasir tələblərə cavab verməyən uşaq bağçaları əsaslı təmir olunur. Bütün bunlar gələcəyimiz olan uşaqların təlim-tərbiyəsinə, sağlam böyümələrinə xidmət edir. Vurğulanıb ki, bu baxımdan Yaponiya hökumətinin Şəkidə uşaq bağçasının tikintisi ilə bağlı həyata keçirdiyi layihə xüsusi önəm kəsb edir.
Bildirilib ki, Yaponiyanın ölkəmizdəki səfirliyi ilə Şəki Şəhər İcra Hakimiyyəti arasında əməkdaşlıq 14 ildir ki, davam etdirilir. Qrant yardımı proqramı çərçivəsində indiyədək Şəkidə bu layihə də daxil olmaqla, təhsil, səhiyyə, ekologiya, su təchizatı və digər sahələri əhatə edən 14 layihə reallaşıb. Bu layihələrin ümumi dəyəri 1 milyon 157 min 327 ABŞ dolları təşkil edir.
Diqqətə çatdırılıb ki, icrası yenicə başa çatan hazırkı layihə üzrə qrant müqaviləsi bu il martın 7-də Yaponiyanın ölkəmizdəki səfirliyi ilə “Şəki Ekologiya və Təhsil Mərkəzi” İctimai Birliyi arasında imzalanıb. Layihənin əsas məqsədi 15 nömrəli bağçada tərbiyə alan kiçik yaşlı uşaqların bağça şəraitini yaxşılaşdırmaqdır. Layihənin ümumi dəyəri 121 min 693 ABŞ dolları təşkil edir.
Şəkiyə növbəti səfərindən böyük məmnunluq hissi keçirdiyini vurğulayan Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi bu qədim şəhərin tarixi-memarlıq abidələrinin onda çox böyük təəssürat yaratdığını, Şəkinin təbii gözəlliklərinə vurulduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində həyata keçirilən bu layihələr insanların yaşayış səviyyəsini daha da yaxşılaşdırmaq məqsədi daşıyır. Proqram çərçivəsində indiyədək Azərbaycanda ümumi dəyəri 15 milyon 924 min ABŞ dolları olan 189 layihə üzrə qrant müqaviləsinin imzalandığı diqqətə çatdırılıb.
Uşaq bağçasının açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra mərasim iştirakçıları binada yaradılan şəraitlə yaxından tanış olublar.

Keçidlər