Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki “Şəhər Günü”nə hazırlaşır

21 oktyabr 2014 | 15:00

Zəngin tarixə və qədim mədəniyyətə malik Şəki növbəti möhtəşəm bayram tədbirinə – “Şəhər Günü”nə hazırlaşır. Artıq üçüncü dəfə qeyd olunacaq “Şəhər Günü” Şəkinin tarixini, mədəniyyətini, folklorunu, etnoqrafiyasını, mətbəxini, turizm potensialını daha geniş nümayiş etdirmək məqsədi daşıyır.
Oktyabrın 24-də keçiriləcək bayram tədbirində respublikamızın tanınmış elm və incəsənət adamlarının, Milli Məclisin deputatlarının, ziyalıların, şəhər ictimaiyyəti nümayəndələrinin, habelə musiqi və rəqs kollektivlərinin iştirakı nəzərdə tutulur.
Gün boyu davam edəcək bayram tədbirinin proqramı olduqca zəngin və rəngarəngdir. Təntənəli açılış mərasimi şəhərdəki Yay teatrında keçiriləcək. Burada Şəki ilə qardaşlaşmış Gürcüstanın Telavi şəhərinin rəqs kollektivi konsert proqramı ilə çıxış edəcək. Tədbir iştirakçıları daha sonra rəsm qalereyasında yerli və xarici ölkə fotoqraflarının əsərlərindən ibarət foto sərgi ilə tanış olacaqlar. Sərgidə Şəkinin dünəni və bu gününü əks etdirən foto əsərlər nümayiş etdiriləcək. Paytaxtdan gələn rəqs qruplarının, muğam üçlüyünün, habelə yerli musiqi kollektivlərinin çıxışları bayram tədbirinə rəngarənglik qatacaq.
“Şəhər Günü”nə həsr olunmuş bayram tədbirlərinə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında incəsənət ustalarının geniş konsert proqramı ilə yekun vurulacaq.

Keçidlər