Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkinin tarixi məkanları ilə tanışlıq koreyalı jurnalistdə zəngin təəssürat yaradıb

31 oktyabr 2014 | 16:00

Koreya Respublikasının Yonhab agentliyinin müxbiri Lim Donq Kun Azərbaycan haqqında geniş məlumat hazırlamaq məqsədilə oktyabrın 27-də ölkəmizə səfərə gəlib. Səfər çərçivəsində koreyalı jurnalist Azərbaycanın regionlarına səfər edərək Qobustanın, İsmayıllı rayonunun Lahıc qəsəbəsinin və Şəkinin tarixi məkanları ilə tanış olub.
Regionlara səfərlə bağlı təəssüratlarını AzərTAc-ın müxbiri ilə bölüşən Lim Donq Kun deyib: “Ölkənizə ilk dəfədir səfər edirəm. Azərbaycanın hər bir guşəsi gözəldir. Şəki isə tam fərqli bir məkandır. Bu qədim şəhərlə, tarixi abidələrlə, xüsusilə Şəki xanlarının sarayı ilə, karvansaralarla, Kiş kəndindəki qədim alban məbədi ilə tanışlıq ürəyimcə oldu. Xan sarayı, həqiqətən də, möhtəşəm abidədir. Sarayı bəzəyən şəbəkə pəncərələr, divar rəsmləri çox xoşuma gəldi. “Sənətkarlar evi”ndə şəbəkə ustası Hüseynlə tanış oldum, onun əl işlərinə baxdım. Artıq şəbəkə sənətinin sirlərinə az da olsa, bələdəm. Onun emalatxanasında Şəki halvası ilə içdiyim çay mənə xüsusi ləzzət verdi. Düşünürəm ki, Hüseyn usta öz sənəti ilə fəxr edə bilər. Çünki o, həqiqətən də çox məxsusi bir işlə məşğul olur”.
Şəkililərin qonaqpərvərliyi, istiqanlığı koreyalı jurnalistin çox xoşuma gəlib. Qonağın bildirdiyinə görə, küçədə qarşılaşdığı insanlar onunla çox mehriban, gülərüz salamlaşırdılar. Fotosunu çəkdiyi insanlarda bir utancaqlıq hiss edirdi. Bu isə insanların yüksək mədəniyyətindən, mənəvi dəyərlərindən irəli gəlir.
Lim Donq Kun Şəki, eləcə də Lahıc və Qobustanla bağlı təəssüratlarının “İmage” jurnalı üçün hazırlanacaq məqalədə geniş əksini tapacağını bildirib.

Keçidlər