Şriftin ölçüsü :

Saytın rəngi :

Qədim Şəki “Ölkəmizi tanıyaq” tur-aksiyasının növbəti iştirakçılarını qəbul edib

15 noyabr 2014 | 16:00

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyanın ikinci mərhələsi çərçivəsində məktəblilərin respublikamızın müxtəlif bölgələrinə, tarixi məkanlara ekskursiyaları uğurla davam edir.
Gözəlliklər diyarı qədim Şəki noyabrın 14-də tur-aksiyanın növbəti iştirakçılarını – Bakı şəhərinin Sabunçu və Suraxanı rayonlarının məktəblilərini qəbul edib.
Ənənəyə uyğun olaraq, tur-aksiyanın iştirakçıları Heydər Əliyev Mərkəzinin qarşısında şəhər rəhbərliyi tərəfindən qarşılandılar.
Məktəblilərə ipəkçilik diyarı kimi tanınan qədim Şəkinin tarixi, mədəniyyəti, memarlıq abidələri, turizm potensialı barədə məlumat verildi. Diqqətə çatdırıldı ki, 2700 ildən çox yaşı olan bu qədim diyar, həm də dünya və ölkə əhəmiyyətli tarixi-memarlıq abidələri ilə məşhurdur.
Hər iki rayonun məktəblilərinə son illərdə Şəkinin sosial-iqtisadi və mədəni həyatında əldə edilən uğurlardan bəhs edən kitabçalar hədiyyə olundu.
Sonra tur-aksiya iştirakçıları Şəkinin tarixi məkanları ilə tanış oldular, şəhərin görməli yerlərini gəzdilər.
Səfər proqramına uyğun olaraq, məktəblilər əvvəlcə şəhərin yuxarı hissəsinə - “Yuxarıbaş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisinə gəldilər. Məlumat verildi ki, qoruğun ərazisində dövlət qeydiyyatına götürülən 25 tarixi abidə var.
Qoruğun ərazisində yerləşən XVIII əsrə aid nadir tarixi-memarlıq abidəsi – Şəki xanlarının sarayı ilə tanışlıq tur-aksiya iştirakçılarında xüsusilə böyük maraq oyatdı. Məlumat verildi ki, 1761-1762-ci illərdə inşa edilən bu sarayın dünyada bənzəri yoxdur. Sarayın tikintisində mismar və yapışqandan istifadə olunmayıb.
Sabunçu və Suraxanı məktəbliləri ilk dəfə gördükləri sarayın gözəlliyinə heyran qaldıqlarını bildirdilər, abidənin önündə xatirə şəkilləri çəkdirdilər.
Tur-aksiya iştirakçıları sonra bu ərazidə yerləşən V-VI əsrlərə aid Dairəvi Məbədə baş çəkdilər. Məlumat verildi ki, hazırda burada Xalq Tətbiqi Sənəti Muzeyi fəaliyyət göstərir.
XVIII-XIX əsrlərə aid tarixi-memarlıq abidəsi olan “Yuxarı Karvansaray” mehmanxana kompleksi ilə tanışlıq zamanı məktəblilərin diqqətinə çatdırıldı ki, Şərq memarlığı üslubunda tikilən bu qədim kompleks 300-dək otaq və zirzəmidən ibarətdir. Hazırda bu memarlıq abidəsi mehmanxana kimi istifadə olunur.
Məktəblilər daha sonra bu ərazidəki sənətkarlıq dükanlarına baş çəkdilər, şəhərin görməli yerlərini gəzdilər.

Keçidlər