Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki növbəti dəfə Prezident Kuboku uğrunda çövkən milli oyununa ev sahibliyi edəcək

08 dekabr 2014 | 16:00

Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən yaradılan və Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində Prezident Kuboku uğrunda milli atüstü oyunlarının keçirilməsi artıq ənənə halını alıb.
Dekabrın 17-dən 22-dək Atçılıq Mərkəzində Prezident Kuboku uğrunda 9-cu çövkən milli oyunu üzrə yarışlar keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən bu yarışlar xalqımızın qədim tarixi ənənələrinin bərpasına və dirçəldilməsinə, həmçinin atçılıq turizminin təbliğinə və inkişaf etdirilməsinə xidmət edir.
Yarışlarda respublikamızın 14 şəhər və rayonunu təmsil edən komandaların iştirakı gözlənilir. Oyunların qaliblərinə nazirliyin diplom və pul mükafatları təqdim ediləcək.
Xatırladaq ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin ötən ilin dekabrında Bakıda keçirilən 8-ci sessiyasında Azərbaycanın çövkən oyunu UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınıb.

Keçidlər