Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident Kuboku uğrunda 9-cu çövkən milli oyunlarının açılış mərasimi keçirilib

18 dekabr 2014 | 16:00

Xəbər verdiyimiz kimi, dekabrın 17-də Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində Prezident Kuboku uğrunda 9-cu çövkən milli oyunu üzrə yarışlar başlanıb.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən yarışlarda respublikamızın 13 rayonunu və Bakı şəhərinin 3 idman klubunu təmsil edən 16 komanda mübarizə aparır.
Dekabrın 18-də Respublika Atçılıq Turizm Mərkəzində oyunların açılış mərasimi keçirilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov başda olmaqla şəhər rəhbərliyinin, Mədəniyyət və Turizm Nazirliyinin məsul nümayəndələrinin, iştirakçı rayonlardan gəlmiş qonaqların və yerli azarkeşlərin iştirak etdikləri mərasimdə qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən yaradılan Respublika Atçılıq Turizm Mərkəzində Prezident Kuboku uğrunda milli atüstü oyunların keçirilməsi artıq ənənə halını alıb. Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən, 2006-cı ildən etibarən ənənəvi olaraq hər il keçirilən bu yarışlar xalqımızın mədəni irsi olan milli atüstü oyunların qorunub saxlanması və təbliği məqsədi daşıyır.
Vurğulanıb ki, düz bir il əvvəl, ötən ilin dekabrında Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasında Azərbaycanın çövkən oyununun UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi çox böyük əhəmiyyət daşıyır. Bildirilib ki, çövkən oyununun bu siyahıya daxil edilməsi ölkəmizdə mədəni irsin qorunması sahəsində həyata keçirilən tədbirlərin, aparılan məqsədyönlü işin məntiqi nəticəsidir.
Musiqi kollektivlərinin çıxışından sonra komandalar cəngi sədaları altında tribunanın önündən keçərək meydana daxil olublar.
Sonra tamaşaçılar çövkən oyunu üzrə Şəki və Bakının “Kövsər” komandalarının oyununu izləyiblər. Gərgin keçən oyunda paytaxt təmsilçiləri 2:0 hesabı ilə qalib gəliblər.
Yarışların ilk günündə - dekabrın 17-də keçirilən seçmə oyunlarda isə aşağıdakı nəticələr qeydə alınıb: “Kövsər”-İsmayıllı- 3:0, Oğuz-Qəbələ- 5:0, Qax-Xaçmaz- 1:0, Yevlax-Goranboy- 1:0. Seçmə oyunlarda qalib gələn komandalar çövkən oyunu üzrə çıxışlarını davam etdirirlər. Uduzan komandalar isə yaylıq, papaq və sür-papaq oyunları üzrə yarışırlar.
Çövkən oyunu üzrə yarımfinal qarşılaşmaları dekabrın 20-də keçiriləcək.
Prezident Kuboku uğrunda 9-cu çövkən milli oyununa dekabrın 22-də yekun vurulacaq. Həmin gün final oyunu və yarış iştirakçılarının mükafatlandırılması mərasimi keçiriləcək.

Keçidlər