Şriftin ölçüsü :

Saytın rəngi :

Çövkən oyunu UNESCO-nun müvafiq siyahısına daxil edildikdən sonra belə turnirlərin əhəmiyyəti daha da artıb

20 dekabr 2014 | 16:00

Belə turnirlərin keçirilməsi Azərbaycan xalqının atüstü oyunlarının bərpa edilməsi istiqamətində çox gözəl bir addımdır. Bu yarışları keçirməklə biz ata-babalarımızın min illər boyu icra etdikləri milli oyunları dirçəldirik. Azərbaycanın çövkən oyunu UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildikdən sonra isə belə turnirlərin əhəmiyyəti daha da artıb.

Bu sözləri Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev Şəkidə keçirilən Prezident Kuboku uğrunda 9-cu çövkən milli oyunu üzrə yarışların açılış mərasimində jurnalistlərə müsahibəsində deyib.

Oyunların coğrafiyasının ildən-ilə genişləndiyini vurğulayan nazirliyin rəsmisi gələcək turnirlərdə iştirakçı rayonların sayının daha da artacağına ümidvar olduğunu bildirib. Fikrət Babayev deyib: “At həmişə Azərbaycan xalqının gözəl bir atributu olub. Xalqımız ata həmişə böyük sevgi bəsləyib. Mədəniyyət və Turizm Nazirliyi olaraq, biz gələcəkdə də belə tədbirlərin keçirilməsini dəstəkləyəcəyik. İndi xalqımızın qədim atçılıq ənənələrinin bərpası ilə əlaqədar təkcə Şəkidə deyil, digər bölgələrdə də müvafiq işlər aparılır. Ağdamın Quzanlı qəsəbəsində belə bir Atçılıq Turizm Mərkəzi yaradılır. Hesab edirəm ki, belə turnirlərin sayı artmalıdır. Çünki bu oyunlara maraq böyükdür”.

Keçidlər