Şriftin ölçüsü :

Saytın rəngi :

Torpaq mülkiyyətçiləri yovşanyarpaqlı ambroziyaya qarşı mübarizə tədbirləri barədə məlumatlandırılıblar

11 aprel 2015 | 15:00

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin təşkilatçılığı ilə aprelin 10-da Şəki şəhərində “Respublika ərazisində yovşanyarpaqlı ambroziyanın yayılmasının qarşısının alınması və yayılma ocaqlarının məhv edilməsi məqsədi ilə hazırlanmış məhdudlaşdırıcı və ləğvedici tədbirlər planı”nın icrasına dair II regional müşavirə keçirilib.
Tədbirdə Şəki-Zaqatala bölgəsi rayonlarında fəaliyyət göstərən bitki mühafizəsi mərkəzlərinin, bitkilərin karantin məntəqələrinin mütəxəssisləri, yerli icra və bələdiyyə qurumlarının nümayəndələri, torpaq mülkiyyətçiləri və fermerlər iştirak ediblər.
Tədbiri şəhər icra hakimiyyəti başçısının müavini Firon Əliyev açaraq, ölkə iqtisadiyyatının aparıcı və vacib sahəsi olan kənd təsərrüfatının uğurlu inkişafının təmin edilməsinə Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə dəstək göstərildiyini bildirib. Qeyd olunub ki, dövlətimizin başçısının müvafiq Sərəncamı ilə 2015-ci ilin respublikamızda “Kənd təsərrüfatı ili” elan edilməsi bunu bir daha sübut edir.
Müşavirədə Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev məhdudlaşdırıcı və ləğvedici tədbirlər planının icra vəziyyəti və dənli taxıl bitkiləri əkinlərində inteqrir mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Xidmətin rəisi çıxışında əkin sahələrinin başlıca problemlərindən olan karantin alaq otları ilə mübarizənin elmi əsaslarla təşkil edilməsinin vacibliyini qeyd edib, fitosanitar sabitliyin qorunub saxlanması məsələlərinə toxunub, kənd təsərrüfatı bitkilərinin zərərli orqanizmlərdən mühafizəsində inteqrir mübarizə tədbirlərinin əhəmiyyətindən danışıb.
Bildirilib ki, yovşanyarpaqlı ambroziya Şəki-Zaqatala bölgəsində çox geniş yayılıb. Fitosanitar müşahidələr zamanı respublikanın digər ərazilərində də kiçik ocaqlar şəklində yayıldığı aşkarlanıb. Karantin alaq otu, eyni zamanda, güclü allergen bitki olduğuna görə, onunla ciddi mübarizə aparılmalıdır. Xidmətin rəisi bu məqsədlə nazirlik tərəfindən müvafiq tədbirlər planının işlənib hazırlandığını, ötən ildən etibarən mübarizə tədbirlərinə başlanıldığını diqqətə çatdırıb. Qeyd olunub ki, həyata keçirilən tədbirlər müsbət nəticə verir və bu istiqamətdə iş davam etdirilməlidir.
Müşavirənin sonunda iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirilib.

Keçidlər