Şriftin ölçüsü :

Saytın rəngi :

Paytaxtda Şəkinin qədim və müasir incəsənəti və mədəni irsi təqdim olunub

22 aprel 2015 | 15:00

Mədəniyyət və Turizm Nazirliyinin “Bölgələrdən paytaxta” adlı layihəsi paytaxt sakinlərini regionların sosial-iqtisadi inkişafı, zəngin mədəniyyəti, adət-ənənələri ilə tanış etməkdə davam edir.
Layihə çərçivəsində növbəti tədbir Şəkiyə həsr olunub. Tədbir Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Şəki rayon Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə aprelin 21-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında reallaşıb.
Qonaqlar layihə çərçivəsində bölgənin mətbəxi, yerli xalq sənətkarlarının təkəlduz, şəbəkə, misgərlik, ipəkçilik, xalçaçılıq nümunələri, musiqi alətləri və digər əl işləri, Şəki yazarlarının əsərləri, rayonda fəaliyyət göstərən istehsal müəssisələrinin məhsulları, turizm imkanları və s. əks etdirən sərgi və stendlərlə tanış olublar.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev bildirib ki, bu yeni layihənin məqsədi Azərbaycan mədəniyyətinin tarixi və müasir zənginliklərini, regionların adət-ənənələrini, mətbəx nümunələrini, sosial-iqtisadi inkişafını, sənət ustalarının əl işlərini, regionlarda fəaliyyət göstərən bədii kollektivlərin və incəsənət ustalarının çıxışlarını nümayiş etdirmək və bölgənin turizm imkanlarını təbliğ etməkdir.
Nazir müavini deyib ki, bölgələrdə inşa edilən yeni və müasir mədəniyyət ocaqları mədəni səviyyənin yüksəlməsinə təkan verir.
Qeyd olunub ki, qədim və zəngin mədəniyyətə, füsunkar təbiətə, qonaqpərvərliyə, dadlı mətbəxə malik Şəki buraya gələn qonaqları heyrətləndirir. Ölkəmizin mədəniyyət mərkəzlərindən birinə çevrilən Şəki “İpək Yolu” musiqi festivalı kimi beynəlxalq tədbirə ev sahibliyi edir.
Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov qədim və zəngin Şəkinin Azərbaycanın tarixinə və mədəniyyətinə verdiyi töhfələrdən danışıb.
Bildirib ki, ölkə başçısının Şəkiyə göstərdiyi diqqət və qayğısı nəticəsində bölgədə yenidənqurma işləri aparılır və bu zaman milli memarlıq üslubu qorunub saxlanılır.
Həmçinin qeyd edib ki, Şəki turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdəndir.
Tədbirdə qarşılıqlı hədiyyələr təqdim olunub.
Sonra Şəkinin sosial-iqtisadi inkişafından, müasir tərəqqisindən, turizm imkanlarından, zəngin mədəniyyətindən bəhs edən videoçarx nümayiş olunub, bu yurdun yetirməsi olan görkəmli simalar haqqında da məlumat verilib. Həmçinin, əslən şəkili olan kinorejissor, xalq artisti Rasim Ocaqovun çəkdiyi filmlərdən fraqmentlər göstərilib.
Tədbirdə Şəki şəhər mədəniyyət və turizm idarəsinin “Zirvə” xalq instrumental ansamblının müşayiəti ilə təqdim edilən konsert proqramı böyük maraqla qarşılanıb. Konsertdə əslən Şəkidən olan görkəmli bəstəkarların əsərlərinə üstünlük verilib.
Qeyd edək ki, bu il ərzində Lənkəran, Gəncə, İsmayıllı, Şəmkir, Gədəbəy və Abşeron rayonlarının Bakı şəhərində mədəni tədbirləri təşkil ediləcək və hər bir regionun qədim tarixi, ənənələri, incəsənət nümunələri geniş formatda təqdim olunacaq.

Keçidlər