Şriftin ölçüsü :

Saytın rəngi :

Açıq dərsdə şagirdlərə ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı tarixi xidmətləri barədə geniş məlumat verilib

04 may 2015 | 15:00

Ulu Öndərin zəngin irsinin öyrənilməsi məqsədi ilə Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində mayın 4-də keçirilən növbəti açıq tarix dərsi dahi rəhbərin anadan olmasının 92-ci ildönümünə həsr olunub.
Şəki şəhər 7 №-li, Çeşməli, Cəfərabad və Orta Zəyzid 2 №-li kənd tam orta məktəblərin XI sinif şagirdlərinin iştirak etdiyi açıq dərsi şəhər icra hakimiyyəti başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zərinə Cavadova açaraq Ümummilli Liderin Vətən və xalq qarşısındakı tarixi xidmətlərindən, dövlət quruculuğu sahəsindəki səmərəli fəaliyyətindən ətraflı bəhs edib. Şagirdlərin diqqətinə çatdırılıb ki, bütün həyatını xalqının tərəqqisi və inkişafına həsr etmiş ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanın gələcəyi naminə gördüyü nəhəng işlər ona tariximizin yaddaşına əbədi həkk olunmaq, öz xalqının qəlbində əbədi yaşamaq səadəti qazandırıb. Bu dahi şəxsiyyətin mənalı və şərəfli ömür yolu Vətənə və xalqa sədaqətlə xidmət etmək nümunəsidir.
Şəki şəhər 11 saylı tam orta məktəbin tarix müəllimi Bahar Cabbarlının tədris etdiyi açıq dərsdə şagirdlərə ümummilli lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkə daxilində siyasi sabitliyin bərqərar olması, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması, sosial-iqtisadi sahədə əldə olunan nailiyyətlər, Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğunun həyata keçirilməsi, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə qazanılan uğurlar barədə dolğun məlumat verilib.
Tədris prosesində şagirdlər, həmçinin Ulu Öndərin təşəbbüsü ilə Azərbaycanda milli neft strategiyasının əsasının qoyulması, “Əsrin müqaviləsi”nin imzalanması, aqrar sahədə islahatların həyata keçirilməsi və digər məsələlər barədə də ətraflı məlumatlar əldə ediblər.

Keçidlər