Şriftin ölçüsü :

Saytın rəngi :

“Tour d`Azerbaidjan-2015” beynəlxalq veloyürüşünün iştirakçıları Şəki şəhərində olmuşlar

08 may 2015 | 15:00

Mayın 8-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş “Tour d`Azerbaidjan-2015” veloturunun üçüncü mərhələsi keçirilib.
Qəbələdə start götürən velosipedçilər Qəbələ-Şəki-Qəbələ marşrutu üzrə 177 kilometr məsafə qət ediblər.
Şəki-Oğuz yolu boyu yerləşən yaşayış məntəqələrinin, həmçinin şəhərimizin sakinləri, gənclər veloyürüş iştirakçılarını yüksək hərarətlə salamlamışlar. Veloyürüşün iştirakçıları Şəki şəhərində N.Nərimanov küçəsi - 20 Yanvar küçəsi - M.Ə.Rəsulzadə prospekti - Heydər Əliyev prospekti - Bağbanlar küçəsi - Heydər Əliyev prospekti - M.Ə.Rəsulzadə prospekti - Oğuz şossesi marşrutu üzrə hərəkət etmişlər.
“En Post-Çeynr Əkşn” komandasından Coşua Edmondson finişə birinci gəlib. “Adria mobayl” komandasından veloyürüşçü Marko Kump ikinci olub. “Sinergy-Bakı”nın nümayəndəsi Matey Muqerli üçüncü yeri tutub.
“Tour d`Azerbaidjan-2015” beynəlxalq veloturunun üçüncü mərhələsinin yekunlarına görə, qaliblərin mükafatlandırılması mərasimi keçirilib. İdmançılara mükafatları veloyürüşün təşkilat komitəsinin başçısı, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov təqdim edib.
Azərbaycanı bu mötəbər turnirdə təmsil edən “Synergy Baku Cycling Project” kontinental komandasının rəqibləri arasında 4 prokontinental, 15 kontinental və 4 milli komanda var. Bunlar “Drapac Professional Cycling” (Avstraliya), “Androni Giocattoli” (İtaliya), “RUSVELO” (Rusiya), “Team Novonordisk” (hamısı prokontinental) və “Airgas Safeway Cycling Team” (ABŞ), “Adria-Mobil” (Sloveniya), “An Post-Chain Reaction” (İrlandiya), “LEOPARD Development Team” (Lüksemburq), “Giant-Champion System” (Çin Xalq Respublikası), “Tusnad” (Rumıniya), “MLP Team Bergstrasse” (Almaniya), “Banska Bystrica” (Sloveniya), “Torku” (Türkiyə), “CCN Cycling Team” (Laos), “Hrinkow Advarics” (Avstriya), “Parkhotel Valkenburg” (Niderland), “Dukla Praha” (Çexiya), “MINSK” (Belarus), “Cycling Academy Team” (İsrail), “Team Tavira” (Portuqaliya) (hamısı kontinental) komandaları, habelə Macarıstan, Estoniya, Yunanıstan и Qazaxıstanın milli komandalarıdır.
Bu mötəbər yarışlarda ölkəmizi təmsil edən komandaya Elçin Əsədov, Maksim Averin, Samir Cəbrayılov, Matey Muqerli, Yannis Tamuridis və Aleksandr Surutkoviç daxildir.
Velosipedçilər daha iki mərhələni qət etməlidirlər: mayın 9-da Qəbələ-Mingəçevir mərhələsi (205 km) və mayın 10-da yekun mərhələsi (144 km). Yekun mərhələsi Bakı küçələrində keçiriləcək.

Keçidlər