Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə muğam konserti

05 iyul 2015 | 15:00

“İpək Yolu” VI Beynəlxalq musiqi festivalı çərçivəsində iyulun 5-də XVIII əsrə aid dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi Şəki xanları sarayının həyətində xanəndə Arzu Əliyevanın iştirakı ilə muğam konserti olub.
Konsertdə xanəndəni əməkdar artist, tarzən Sahib Paşazadənin rəhbərlik etdiyi muğam instrumental ansamblı müşayiət edib.
Tamaşaçıların diqqətinə çatdırılıb ki, Arzu Əliyeva “Muğam-2005” televiziya müsabiqəsinin və 2009-cu ildə keçirilən birinci Respublika Muğam müsabiqəsinin diplomantıdır. O, 2007-ci ildə Səmərqənd şəhərində Beynəlxalq festivaldakı uğurlu çıxışına görə UNESCO-nun diplomuna layiq görülüb. Xanəndə, həmçinin “Muğam aləmi” I Beynəlxalq Muğam festivalı çərçivəsində keçirilən Beynəlxalq muğam müsabiqəsinin diplomantıdır. Azərbaycan Milli Konservatoriyasında təhsil alan Arzu Əliyeva hazırda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir.
Tarzən Sahib Paşazadə Heydər Əliyev Fondunun təşkil etdiyi “Muğam-2007, 2011, 2013 və 2015” televiziya müsabiqələrində çıxış edən instrumental qrupun rəhbəri olub. İfaçı ABŞ, Yaponiya, Çin, Kanada, Meksika, Mərakeş, Almaniya, Fransa, Norveç, Macarıstan Rumıniya, Yunanıstan, İngiltərə və İsveçdə solo və simfonik orkestrlərlə, həmçinin müşayiətçi kimi uğurla çıxış edib.
Ansamblın digər üzvləri - Toğrul Əsədullayev (kamança), Mehman Nuriyev (balaban) və Emin Cəbrayılov (nağara) da ölkəmizdə keçirilən beynəlxalq festival və müsabiqələrdə instrumental qrupun tərkibində çıxış ediblər.
Xanəndə Arzu Əliyevanın oxuduğu muğam, xalq mahnıları və təsniflər, eləcə də ansamblın ifa etdiyi el havaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Konsert Şəki torpağının yetirməsi, tanınmış bəstəkar Şəfiqə Axundovanın “Mehriban olaq” mahnısı ilə sona çatıb.
Konsertin sonunda kollektivin üzvlərinə festivalla bağlı xatirə hədiyyələri təqdim olunub.

Keçidlər