Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsildən-nəslə ötürülən qədim el sənəti – dulusçuluq

25 iyul 2015 | 15:00

Qədim Şəki tarixən sənətin və sənətkarlığın inkişaf etdiyi ərazilərdən biri olub. El sənətkarlarının fədakar əməyi sayəsində bu şəhərdə çox zəngin tarixi-mədəni irs yaranıb. Dəmirçilik, nalbəndlik, şəbəkə, papaqçılıq, ipəkçilik və neçə-neçə digər sənət növləri nəsildən-nəslə ötürülərək zəmanəmizədək gəlib çatıb. Şəkidə geniş yayılmış sənət növlərindən biri də dulusçuluqdur.
Azərbaycanda dulusçuluq sənətinin çox qədim tarixi var. Mütəxəssislər bu sənətin yaranmasını neolit dövrünə aid edirlər. İlk orta əsrlərin sonlarından başlayaraq dulusçuluq sənəti özünün yüksək inkişaf mərhələsinə gəlib çatıb. Həmin dövrlərdə saxsı qabların yayılması arealı Azərbaycanın demək olar ki, bütün yaşayış məskənlərini əhatə edirdi. Bunu arxeoloji qazıntılar zamanı ölkəmizin müxtəlif ərazilərindən tapılan dulusçuluq məmulatları - küp, səhəng, dolça, bardaq və digər saxsı nümunələri təsdiq edir.
Dulusçuluq Şəkidə ta qədimdən çətin, çox zəhmət tələb edən, eyni zamanda, heç zaman əhəmiyyətini itirməyən, gərəkli olan sənət növlərindən biri sayılır. Xanlıqlar dövründə Şəkidə saxsı qablar istehsalı ilə yüzlərlə sənətkar məşğul olurdu. Onların istehsal etdikləri məhsullar Şəkinin, eləcə də, qonşu əyalətlərin əhalisinin təsərrüfat və məişət ehtiyaclarının ödənilməsində mühüm rol oynayırdı.
Zaman keçdikcə məişətimizə, mətbəximizə sənaye üsulu ilə hazırlanan mis, alüminium, keramik qablar daxil olduqca, Şəkidə də dulusçuluq sənətinə maraq get-gedə azalmağa başladı. 20-30 il əvvəl Şəkidə onlarla dulusçu ailəsi bu sənətlə məşğul olurdusa, indi onlar barmaqla sayılır.
Hazırda Şəkidə dulusçuluq sənətini yaşadan sənətkarlardan söz düşəndə, ilk növbədə, məşhur dulusçu Şöyüb Məmmədovun oğlanları usta Hümmət və Əhədin adları çəkilir. Onlar Şəkidə “Şöyüb oğulları” kimi də tanınırlar.
AZƏRTAC-ın müxbiri dulusçuluq sənətinin sirləri ilə daha yaxından tanış olmaq üçün Məmmədovlar ailəsinə baş çəkib. “Şöyüb oğulları” Şəki şəhərinin yuxarı, dağlıq ərazisində yerləşən “Duluslar” məhəlləsində yaşayırlar. Ailənin böyük oğlu usta Hümmətin dediyinə görə, vaxtilə bu məhəllədə 40-dək ailə dulusçuluqla məşğul idi. Lakin hazırda bu sənətlə 3 nəfər – özü, qardaşı Əhəd və əmisi oğlu Yaşar məşğuldur.
Hümmət ustanın babası Həbillah kişi, atası Şöyüb Şəkinin ən tanınmış dulusçularından olublar. Onun özü, eləcə də kiçik qardaşı Əhəd uşaq vaxtı günlərinin çox hissəsini atalarının emalatxanasında keçirib, bu sənətin sirlərini öyrəniblər.
Dulusçuluq sənətinin çox zəhmət tələb etdiyini deyən Hümmət usta bildirib ki, burada əl əməyi əsas rol oynayır. Ona görə də gənclər bu sənətə çox az maraq göstərirlər, əziyyətli işdən qaçırlar. Lakin o və qardaşı Əhəd bu sənəti heç vaxt atmaq fikrinə düşməyiblər. Əksinə, çalışırlar ki, dulusçuluq sənəti daim yaşasın. Çünki hər ikisi Şəkinin ən məşhur dulusçu nəslinin nümayəndələridir. Babalarından miras qalmış bu qədim el sənətini yaşatmağı onlar özlərinin mənəvi borcu hesab edirlər. Yaxşı haldır ki, onların övladları da kiçik yaşlarından bu sənətə meyil salıblar, atalarına kömək edirlər. Hümmətin oğlu Rəhman artıq çarx ustasıdır və sərbəst şəkildə saxsı qablar hazırlaya bilir. Usta Əhədin isə 10 və 12 yaşında iki oğlu var. Buna baxmayaraq, artıq onlar da kiçikölçülü saxsı qablar düzəldirlər.
Bu sənətin çətinliyindən danışan Hümmət usta deyir ki, keyfiyyətli saxsı qab hazırlamaq üçün gərək yaxşı material əldə edəsən. Dörd-beş il əvvələdək torpaq-gil materialını Şəkinin özündən də tapmaq mümkün olurdu. Lakin hazırda Şəkinin karxanalarında dulus məmulatları hazırlamaq üçün lazım olan material demək olar ki, yoxdur. Odur ki, sənətkarlar keyfiyyətli materialı Qəbələ rayonunun ərazisindən gətirirlər.
Saxsı qabın hazırlanması bir neçə mərhələdən ibarətdir. Əvvəlcə gil əllə yaxşıca yoğurulur. Bu işi palçıq ustası yerinə yetirir. Proses iki-üç saatadək davam edir. Yoğurulmuş gil kiçik kündələrə ayrılır. Daha sonra palçıq kündə ayaqla fırladılan çarxın üzərinə qoyulur və usta ovcunun, əl barmaqlarının köməyi ilə gil parçasını saxsı qaba çevirir. Zövqə uyğun olaraq bu qablara müxtəlif forma vermək, kənarlarına naxış vurmaq mümkündür. Hazırlanmış saxsı qablar bir neçə gün qurudulduqdan sonra kürədə bişirilmək üçün yığılır. Böyük ölçüləri olan kürəni ildə 4-5 dəfə, yəni hər 2-3 aydan bir yandırırlar. Az sayda saxsı qab bişirmək üçün kürəni tez-tez qızdırmağa dəyməz. Çünki kürənin qızdırılmasına xeyli quru odun sərf olunur. Buna görə də dulusçular çalışırlar ki, 2-3 ay müddətinə tələbata, həm də sifarişə uyğun sayda qab hazırlasınlar.
Usta Hümmət deyir ki, hazırda bir nəfərlik piti qablarına daha çox tələbat var. Çünki pitisi ilə məşhur olan Şəkinin bütün iaşə obyektlərində bu qablardan geniş istifadə edilir. Piti qabları qapaqlı və ya qapaqsız 1-2 nəfərlik, ya da ailə üçün hazırlanır. Qiymətləri ölçülərinə uyğun 3 manatdan 15 manatadək dəyişir. Digər qablardan fərqli olaraq saxsı qablar sanki nəfəs alırlar. Belə qablarda qatıq, ayran, süd və maye halında olan digər məhsulları daha etibarlı və uzun müddətə saxlamaq mümkündür.
Həmsöhbətim bildirir ki, hazırladıqları saxsı qabların satışını təşkil etmək üçün şəhərin bir neçə yerində, o cümlədən yerli və xarici turistlərin daha çox üz tutduqları “Yuxarıbaş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində, “Yuxarı Karvansaray” mehmanxana kompleksinin yanında, bazarda dükanları var. “Bu sənət, həm də ailəmizin qazanc mənbəyidir. İstehsal etdiyimiz məhsulların satışından narazı deyilik. Pul qazana, ailəmizi dolandıra bilirik. Sifarişlər həmişə olur. Hətta əvvəlki illərdə qonşu Rusiya və Gürcüstana da sifariş əsasında saxsı qablar göndərmişik”, - deyə usta Hümmət vurğulayır.
“Şöyüb oğulları”nın hazırladıqları dulus məmulatları respublika daxilində, eləcə də xarici ölkələrdə təşkil olunan sərgilərdə də dəfələrlə nümayiş etdirilib. Şəhər mədəniyyət və turizm şöbəsinin müdir müavini İsmayıl İsmayılov AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, Şəki keçmiş nəsillərdən bizə miras qalmış xalq tətbiqi sənətinin mühafizə olunduğu məkandır. Təsadüfi deyildir ki, 2010-cu ildə Şəki “Azərbaycanın Sənətkarlıq Paytaxtı” elan edilib. Bu gün Şəkidə xalq tətbiqi sənətinin 28 növü yaşadılır. Bu sənətlərdən biri də dulusçuluqdur. Yaxşı haldır ki, Şəki sənətkarları öz ata-babalarının sənətini həvəslə yaşadırlar. Bu sənətkarların əl işləri nəinki ölkəmizdə, onun hüdudlarından kənarda da tanınır.
İsmayıl müəllim qeyd edib ki, Şəki dulusçularından usta Hümmət, Əhəd və Yaşarın əl işləri müxtəlif tədbirlərdə, yarmarkalarda, Novruz bayramı münasibətilə təşkil olunan sərgilərdə nümayiş olunur. Bundan əlavə, sənətkarların əl işləri respublikamızda yeganə olan Şəkidəki “Sənətkarlar evi”ndə ayrıca bir guşədə də sərgilənir. Yerli və xarici turistlər Şəkidə olarkən sənətkarların əl işlərinə, o cümlədən də dulusçuluq məmulatlarına böyük maraq göstərirlər. Məşhur dulusçu Şöyüb Məmmədovun əl işləri isə hazırda “Yuxarıbaş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən Xalq Tətbiqi Sənəti Muzeyində nümayiş etdirilir.
Bəli, tam əminliklə demək olar ki, ata-babalarımızdan bizə miras qalmış dulusçuluq bu gün Şəkidə yeni sənətkarlar nəslinin ağır zəhməti sayəsində qorunur, yaşadılır və gələcək nəsillərə ötürülür.

Keçidlər