Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Sərhəd Dəstəsinin gənc əsgərləri Vətənə sədaqət andı içdilər

19 avqust 2015 | 15:00

Avqustun 18-də Şəki Sərhəd Dəstəsində Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 96-cı ildönümü və gənc əsgərlərin hərbi andiçmə mərasiminə həsr olunan təntənəli tədbir keçirilib.
Şəhər icra hakimiyyətinin məsul nümayəndələrinin, hüquq-mühafizə orqanları rəhbərlərinin, şəxsi heyətin və əsgər valideynlərinin iştirak etdikləri mərasimin əvvəlində təntənəli marşın sədaları altında meydana hərbi hissənin döyüş bayrağı gətirilib, dövlət himni səsləndirilib.
Mərasimi hərbi hissənin komandiri, polkovnik-leytenant Müzəffər Pirizadə açaraq sərhədçiləri əlamətdar bayram münasibətilə təbrik edib, hərbi andın mənasından danışıb. Gənc əsgərlər meydanın mərkəzinə düzülərək Vətənimizin sərhədlərini göz bəbəyi kimi qoruyacaqlarına, dövlətimizə və xalqımıza sədaqətli olacaqlarına and içiblər.
Sonra Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyevin gənc əsgərlərə təbrik telefonoqramasının mətni oxunub.
Mərasimdə Şəki Sərhəd Dəstəsinin şəxsi heyət üzrə şöbəsinin rəisi, polkovnik-leytenant Mübariz Yusifov çıxış edərək ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərdən, Sərhəd Qoşunlarının formalaşması və inkişafına göstərilən yüksək dövlət qayğısından bəhs edib.
Əsgər valideynləri yaradılan hərtərəfli şəraitə, möhkəm hərbi nizam-intizama və əsgərlərə göstərilən yüksək qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Xidmətdə fərqlənən sərhədçilərə mükafatlar təqdim edilib.
Mərasim hərbi hissənin şəxsi heyətinin marş sədaları altında tribuna önündən təntənəli keçidi ilə başa çatıb.

Keçidlər