Şriftin ölçüsü :

Saytın rəngi :

“Nağara-2015” festivalında İranın “Lian” musiqi qrupunun çıxışı maraqla qarşılanıb

25 avqust 2015 | 15:00

Şəkidə uğurla davam edən “Nağara-2015” Beynəlxalq Zərb Alətləri Festivalının üçüncü günü axşam Yay teatrında tamaşaçılara İranın “Lian” folklor musiqi qrupunun mahnı və ritm kompozisiyalarından ibarət rəngarəng konsert proqramı təqdim olunub.
Konsertdən əvvəl tamaşaçılara qrupun fəaliyyəti və qazandığı uğurlar barədə məlumat verilib. Bildirilib ki, “Lian” qrupu 1993-cü ildə Mohsen Şarifianın rəhbərliyi altında İranın Buşehr şəhərində fəaliyyətə başlayıb. “Lian” bu gün İranın ən tanınmış folklor qruplarından biri hesab olunur. Kollektiv dəfələrlə ABŞ, Fransa, Xorvatiya, İsveçrə, İtaliya, Bolqarıstan və digər ölkələrdə keçirilən beynəlxalq festivallarda iştirak edib. Qrup “ney-anban” musiqi alətində ən yaxşı ifaya görə 7 dəfə, ən yaxşı muğam ifasına görə 3 dəfə və zərb alətlərində ən yaxşı ifaya görə 3 dəfə yerli və beynəlxalq festivalların mükafatlarına layiq görülüb.
“Lian” musiqi qrupunun təqdim etdiyi ruh oxşayan mahnılar, şən və oynaq ritm kompozisiyaları, ayrı-ayrı musiqi alətlərində solo ifalar tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb.

Keçidlər