Şriftin ölçüsü :

Saytın rəngi :

Türkiyənin “İstanbul Harem” qrupu Şəki festivalında maraqlı konsert proqramı ilə çıxış edib

27 avqust 2015 | 08:08

Şəkidə keçirilən “Nağara-2015” Beynəlxalq Zərb Alətləri Festivalı artıq dördüncü gündür ki, musiqisevərləri, şəhərin qonaqlarını maraqlı və rəngarəng konsert proqramları ilə sevindirir.
Festivalın proqramına uyğun olaraq, avqustun 25-də axşam şəhərin “Yuxarıbaş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisindəki Yay Teatrında Türkiyənin “İstanbul Harem” qrupu maraqlı konsert proqramı ilə çıxış edib.
Konsertin əvvəlində məlumat verilib ki, “İstanbul Harem” ritm qrupu 2001-ci ildə peşəkar zərb ifaçısı Suat Borazan tərəfindən yaradılıb. Qrup 5 nəfərdən - Dj və 4 ritm ifaçısından ibarətdir. Qrupun üzvləri bas və zil darbukalar, tef və bendir ritm alətlərində məharətlə ifa edirlər. Qrup dəfələrlə dünyanın müxtəlif ölkələrində keçirilən festivallarda iştirak edib.
Bildirilib ki, indiyədək dörd albom yazdıran qrupun diskləri Türkiyədə və dünyanın 52 ölkəsində yayılıb, musiqisevərlərin rəğbətini qazanıb. Qrup son üç albomunda yerli və əcnəbi Dj-lərlə birlikdə texno musiqi janrında yeniliyə imza ataraq, darbukalar, tef və bendirlə sintezlər yaradıb.
“İstanbul Harem” qrupu bu gün Türkiyənin ən tanınmış sənətçilərinin albom yazılışlarında və konsert layihələrində yaxından iştirak edir.
Konsert zamanı Suat Borazan və “İstanbul Harem” qrupunun təqdim etdiyi rəngarəng ritm kompozisiyalarından ibarət proqram musiqisevərlərin ürəyincə olub. Qrupun çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Keçidlər