Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə IV Beynəlxalq Qafqaz Motofestivalı başlayıb

30 avqust 2015 | 02:08

Avqustun 28-də Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan və festivallar şəhəri kimi tanınan Şəkidə növbəti beynəlxalq tədbir - IV Beynəlxalq Qafqaz Motofestivalı başlayıb.
“Harley Davidson” “Baku HOG Azerbaijan”, Şəki Şəhər İcra Hakimiyyəti, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi və Çingiz Mustafayev Fondunun birgə təşkilatçılığı ilə keçirilən festivalda dünyanın müxtəlif ölkələrindən gələn baykerlər iştirak edirlər.
Avqustun 28-də axşam Şəki Olimpiya İdman Kompleksində festivalın təntənəli açılış mərasimi keçirilib.
Tədbir iştirakçıları əvvəlcə kompleksin həyətində təşkil olunan sərgi-yarmarka ilə tanış olublar. Sərgidə nümayiş etdirilən motobrendlər, moto və digər aksesuarlar, həmçinin Azərbaycan mədəniyyətini əks etdirən əşyalar, sənətkarlıq nümunələri festival iştirakçılarının marağına səbəb olub.
Açılış mərasimi “Natiq-ritm” qrupunun ifasında möhtəşəm şou ilə başlanıb. Qrupun baykerlərlə birgə təqdim etdiyi qeyri-adi ritmlər, motorların qulaqbatıran gurultusu tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb.
Mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayev çıxış edərək Şəkinin artıq beynəlxalq səviyyəli tədbirlərin keçirildiyi bir məkana çevrildiyini vurğulamış, regionların sosial-iqtisadi inkişafına xüsusi diqqət və qayğı ilə yanaşan cənab Prezident İlham Əliyevə, Heydər Əlyev Fondunun Prezidenti, YUNESCO və İSESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevaya xüsusi minnətdarlıqlarını bildirmişlər.
Açılış mərasimində dünya şöhrətli “Elvis Presli” və "Kiss" qruplarının “tribute”larının çıxışı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Mərasim maraqlı konsert proqramı və diskoteka ilə gecə saatlarınadək davam edib.

Keçidlər