Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkinin təhsil işçiləri yeni dərs ilini yüksək əhval-ruhiyyə ilə qarşılayırlar

05 sentyabr 2015 | 09:09

Sentyabrın 4-də Şəki Şəhər İcra Hakimiyyətinin akt zalında rayonun təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.
Konfransda şəhər təhsil şöbəsinin müdiri Südabər İsmayılovanın “2014/2015-ci dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr” mövzusunda məruzəsi dinlənilib.
Bildirilib ki, ötən dərs ilində Şəkinin 98 ümumtəhsil məktəbində 23 min 359 nəfər şagird təhsil alıb. Tədris ilində 81 şagird respublika və beynəlxalq miqyaslı yarış və müsabiqələrdə iştirak edib, onlardan 60 nəfəri qaliblər sırasında yer alıb. Bundan əlavə, fənn olimpiadalarının respublika turunda iştirak edən 17 şagirddən 8-i gümüş və bürünc medallarla mükafatlandırılıb, 9 nəfərə sertifikat verilib. Təhsil Nazirliyinin keçirdiyi “Sabahın alimləri” respublika müsabiqəsində 10 layihə ilə təmsil olunan Şəki məktəblilərinin ikisi gümüş medala, 14 nəfər isə sertifikata layiq görülüb.
Diqqətə çatdırılıb ki, ötən tədris ilində Şəkinin ümumtəhsil məktəblərini bitirən 1768 məzundan 1101 nəfəri ali məktəblərə daxil olmaq üçün sənəd verib və onların 615-i tələbə adını qazanıb. Qəbul imtahanlarında məzunlardan 145 nəfəri 500, 61 nəfəri isə 600 baldan yuxarı nəticə göstərib. Baş Şabalıd kənd tam orta məktəbin məzunu Səidə Sədiyeva rayon üzrə ən yüksək - 695 bal toplayaraq Bakı Ali Neft Məktəbinə daxil olub. Şəhərdəki 18 nömrəli tam orta məktəbin məzunu Səbinə Sədrəddinova 690, 7 nömrəli tam orta məktəbin məzunu Bəşir Mutuxov isə 680 bal toplayıblar.
Təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərə toxunan məruzəçi son üç ildə 25 yeni məktəb binasının tikildiyini və ya əsaslı təmir edildiyini, yeni dərs ilində daha 4 məktəb binasının şagirdlərin istifadəsinə veriləcəyini diqqətə çatdırıb.
Konfransda şəhər icra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov və Təhsil Nazirliyinin nümayəndəsi İsaq Məmmədov çıxış edərək ölkəmizdə təhsilə göstərilən yüksək dövlət qayğısından bəhs edib, müəllimlərə tövsiyələrini bildiriblər.
Tədbirdə ali məktəblərə qəbul zamanı 600-dən yuxarı bal toplamış tələbələrə şəhər icra hakimiyyətinin adından qiymətli hədiyyələr, həmçinin ötən ilin yekunlarına görə fərqlənən bir qrup təhsil işçisinə mükafatlar təqdim edilib.
Şəkinin təhsil işçiləri adından Azərbaycan Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub.

Keçidlər