Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə keçirilən regional müşavirədə payızlıq taxıl səpini ilə bağlı məsələlər müzakirə edilib

17 sentyabr 2015 | 09:09

Payızlıq əkinlər üçün şum aparılmasını sürətləndirmək və taxıl səpininə hazırlıq məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 16-da Şəkidə regional tarla müşavirəsi keçirilib.
Tədbirdə nazirliyin bitkiçilik şöbəsinin və digər əlaqədar strukturlarının, “Aqrolizinq” ASC-nin, bölgənin yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, fermer və sahibkarlar iştirak ediblər.
Rayonun Çeşməli kəndinin ərazisindəki əkin sahəsində keçirilən müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov “Optimal müddətdə qaldırılmış şumun kənd təsərrüfatı bitkilərinin məhsulunun formalaşmasında rolu” mövzusunda məruzə edib. Nazirliyin təmsilçisi şumlama və digər torpaq becərmə işlərinin, səpinin optimal müddətdə aparılmasının gələcək yüksək məhsulun təməlinin qoyulmasında mühüm rol oynadığını vurğulayıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi Möhtəsim Əhmədov payızlıq taxıl əkinlərində sertifikatlaşdırılmış toxumlardan istifadənin əhəmiyyəti barədə danışıb.
Müşavirədə, həmçinin bölgələrə uyğun rayonlaşdırılmış taxıl sortlarının seçilib əkilməsi, şum, səpin və becərmə üçün tələb olunan texnikanın təminatı və mövsümə hazırlıq vəziyyəti barədə məlumat verilib.
Tədbir çərçivəsində torpağın ənənəvi üsulla şumlanması, müasir texnologiyalar əsasında minimal və sıfır becərilməsi üsulu ilə səpin aparılması, aqrotexniki tələblərə uyğun olaraq şum altına və səpinlə birlikdə gübrələrin verilməsi prosesi fermerlərə əyani şəkildə nümayiş etdirilib.
Tarla müşavirəsində fermerlərlə ətraflı fikir mübadiləsi aparılıb, onları maraqlandıran məsələlərə aydınlıq gətirilib, lazımi tövsiyələr verilib.

Keçidlər