Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki mədəniyyəti Bolqarıstanda təqdim edilib

19 sentyabr 2015 | 07:09

Bolqarıstanın Qabrovo şəhərində Azərbaycanın bu ölkədəki səfirliyinin təşəbbüsü və Şəki şəhəri ilə qardaşlaşmış Qabrovo şəhərinin icra hakimiyyətinin dəstəyi ilə Şəki şəhərinin mədəniyyətinin təbliğinə dair sərgi təşkil edilib.
Sərginin açılışında çıxış edən Qabrovo şəhərinin icra hakimi xanım T.Xristova belə tədbirlərin keçirilməsinin şəhərlərimiz arasında əlaqələrin inkişaf etdirilməsi baxımından vacibliyini vurğulayıb. O, iki şəhər arasında oxşar xüsusiyyətlər barədə məlumat verib.
Qabrovo vilayətinin rəhbəri N.Sirakov Azərbaycan-Bolqarıstan əlaqələrinin inkişaf etməsindən danışıb, iki ölkənin şəhərləri arasında əlaqələrin möhkəmlənməsinin bütövlükdə ölkələrimizin münasibətlərinə töhfə verəcəyini deyib. O, şəhərlər arasında iqtisadi sahədə də münasibətlərin qurulmasının və inkişafının vacibliyini vurğulayıb.
Azərbaycan-Bolqarıstan dostluq qrupunun rəhbəri, Bolqarıstanın Azərbaycanda ilk səfiri İ.Palçev çıxış edərək Şəki və Qabrovo arasında qardaşlaşmış şəhər münasibətlərinin yaradılması haqqında Birgə Bəyannamənin məhz onun Azərbaycanda səfir olduğu dövrdə imzalanmasından məmnun olduğunu bildirib. Bundan əlavə, şəhərlər arasında bu kimi qarşılıqlı tədbirlərin keçirilməsinin xalqlarımıza bir-birinin mədəniyyəti ilə tanış olmaq imkanı verdiyini bildirib.
Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimov ölkələrimiz arasında tarixi əlaqələrin mövcud olduğunu, son illər ərzində müxtəlif sahələrdə əlaqələrin daha da sürətlə inkişaf etdiyini deyib. Azərbaycanın Bolqarıstanla müxtəlif sahələr üzrə əlaqələri genişləndirməkdə maraqlı olduğunu bildirən səfir, həmçinin şəhərlər arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətindən, eləcə də bu əməkdaşlığın ikitərəfli əlaqələrə töhfə verəcəyindən bəhs edib. O, Şəki şəhərinin tarixi və mədəniyyəti haqqında tədbir iştirakçılarına geniş məlumat verib.
Sonda Bolqarıstanın vitse-prezidenti xanım M.Popova adından səfir E.Kərimova və Qabrovo şəhərinin icra başçısı xanım T.Xristovaya ünvanlanmış məktub oxunub. Məktubda Azərbaycan ilə Bolqarıstan arasında mövcud sıx əlaqələrdən, bu əlaqələrin son dövrlərdə daha da inkişafından, eləcə də hər iki respublikanın dövlət başçılarının bu münasibətlərin genişlənməsində maraqlı olduqlarından bəhs edilir. Ölkələrimiz arasında uğurla davam edən mədəni əlaqələrin daha da inkişafının zəruriliyi qeyd olunur. Qabrovo şəhərində keçirilən tədbir yüksək qiymətləndirilir.
Tədbirin rəsmi hissəsi bitdikdən sonra Şəki barədə sənədli film nümayiş olunub. Sərgidə səfirliyin təşəbbüsü ilə hazırlanmış Şəki barədə foto-plakatlar nümayiş olunub, həmçinin tədbir iştirakçılarına Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən göndərilmiş materiallar əsasında bolqar dilində nəşr edilmiş broşürlər, açıqçalar və suvenirlər hədiyyə edilib.
Sərgidə Qabrovo şəhərinin icra başçısı xanım T.Xristova, icra hakimiyyətinin yüksək səviyyəli nümayəndələri, Qabrovo şəhərinin dövlət və özəl qurumlarının təmsilçiləri, Qabrovo vilayətinin məsul əməkdaşları, Sofiyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, bir sıra KİV təmsilçiləri və səfirliyin əməkdaşları iştirak ediblər.
Qabrovoya səfəri çərçivəsində E.Kərimov ilə şəhərin icra başçısı T.Xristova və Qabrovo vilayətinin rəhbəri N.Sirakov arasında görüşlər keçirilib. Görüşlərdə Qabrovo və Şəki şəhərləri arasında gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

Keçidlər