Şriftin ölçüsü :

Saytın rəngi :

“Karat Holdinq” MMC-nin Şəki un və yem fabriki bölgədə taxılçılığın və heyvandarlığın inkişafına öz töhfəsini verir

29 sentyabr 2015 | 03:09

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasət, 2004-cü ildən uğurla icra olunan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları bölgələrin iqtisadi potensialının artmasına, əhalinin rifahının yaxşılaşmasına böyük təsir göstərir. Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin uğurla yerinə yetirilməsi, eyni zamanda, sahibkarlığın inkişafına göstərilən yüksək dövlət qayğısı nəticəsində son illər regionlarda xeyli sayda istehsalyönümlü müəssisələr fəaliyyətə başlayıb, minlərlə yeni iş yeri yaradılıb.
Belə müəssisələrdən biri də Şəki rayonunun Göybulaq kəndi ərazisində fəaliyyət göstərən “Karat Holdinq” MMC-nin Şəki bölməsinin buğda elavatoru, un və yem fabriki kompleksidir. Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq yaradılan bu emal müəssisəsi Prezident İlham Əliyevin xeyir-duası ilə 2012-ci ilin sentyabrında istifadəyə verilib.
Müəssisənin direktoru Müşfiq Abdullayev AZƏRTAC-a müsahibəsində kompleksin fəaliyyəti, qazanılan uğurlar barədə danışıb, gələcək planlardan söhbət açıb.
O qeyd edib ki, taxıl məhsullarının tədarükü, saxlanması və emalı məqsədi ilə yaradılan bu kompleks Prezident İlham Əliyevin sahibkarlığın inkişafına dəstək siyasətinə uyğun olaraq dövlətin güzəştli krediti və “Karat Holdinq” MMC-nin vəsaiti hesabına inşa olunub. Şəki respublikanın ən iri taxılçılıq rayonlarından biri olduğu üçün rayon ərazisində belə bir müəssisənin yaradılmasına ehtiyac var idi.
Müəssisənin tərkibinə buğda elavatoru və dəyirman kompleksi daxildir. Müəssisə istifadəyə verilərkən buğda elavatorunda hər birinin tutumu 3,5-4 min ton olan 4 silo quraşdırılmışdı. 2014-cü ildə aparılan genişləndirmə işləri zamanı burada daha 4 silo quraşdırılıb. Nəticədə buğda elavatorunun ümumi tutumu 2 dəfə artaraq 30 min tona çatıb. Burada, eyni zamanda, taxılın qəbulu, təmizlənməsi və qurudulması prosesi həyata keçirilir. Müasir texnologiyaya əsaslanan taxıl anbarı Şəki və ətraf rayonlarda fəaliyyət göstərən fermerlərin istehsal etdiyi taxılın uzun müddətə və itkisiz saxlanmasına imkan verir.
Dəyirman kompleksinin gündəlik istehsal gücü 250 tondur. Türkiyə istehsalı olan ən müasir texnoloji avadanlığın quraşdırıldığı dəyirmanda istehsal prosesi tam avtomatlaşdırılıb. Burada yüksək keyfiyyətli un istehsal edilir və qablaşdırılaraq “Karmen” adı ilə satış müəssisələrinə göndərilir. Buğdanın üyüdülməsi zamanı alınan kəpəkdən isə heyvandarlıq müəssisələrində yem kimi istifadə edilir.
Müşfiq Abdullayevin bildirdiyinə görə, buğda istehsalçıları yetişdirdikləri məhsulu vaxt itirmədən çox asanlıqla taxıl anbarına təhvil verə bilirlər. Bunun üçün müəssisədə hər cür şərait yaradılıb. Bu il indiyədək yerli fermerlərdən 10 min tondan artıq buğda qəbul olunub. Müəssisənin tələbatını tam şəkildə ödəmək üçün Qazaxıstan və Rusiyadan da müqavilə əsasında buğda alınır.
Kompleksin fəaliyyətə başlaması bölgədə taxılçılığın inkişafı ilə yanaşı, bu ərazidə yaşayan əhalinin məşğulluğunun təmin olunmasına da böyük təsir göstərir. Hazırda müəssisədə 60-dan çox daimi işçi çalışır. İşçilərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması müəssisə rəhbərliyinin daim diqqət mərkəzindədir.
Müəssisənin gələcək planları barədə məlumat verən Müşfiq Abdullayev bildirib ki, gələcəkdə dəyirman kompleksinin fəaliyyətinin daha da genişləndirilməsi, istehsal gücünün artırılması planlaşdırılır. Bunun nəticəsində müəssisədə yeni iş yerləri açılacaq, işçilərin maddi güzəranı daha da yaxşılaşacaqdır.

Keçidlər