Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə sazbənd sənətini yaşadan usta

29 sentyabr 2015 | 03:09

Sazbənd Qurbanəli Qurbanov Şəkidə saz düzəldən yeganə sənətkar kimi tanınır. 1954-cü ildə Şəkinin Köbər Zəyzid kəndində anadan olan usta Qurbanəlidə bu peşəyə bağlılıq uşaq yaşlarından başlayıb.
AZƏRTAC-ın müxbiri Şəki şəhərindəki “Sənətkarlar evi”ndə saz ustası ilə görüşüb, onu bu sənətə bağlayan tellərlə maraqlanıb. Ustanın dediyinə görə, bu peşəyə maraq ona atasından keçib. Qoyunçuluqla məşğul olan çoban Mahmud kişi həm də şair təbiətli, “sinədəftər” adam olub. Bütün dastanları, aşıq şerlərini əzbərdən bilirmiş. Hətta özü üçün sadə bir saz düzəldərək çalmağı da öyrənibmiş.
Həmsöhbətim bildirdi ki, atası qoyun sürülərini Qarabağ elinə, Kəlbəcər dağlarına yaylağa apararkən ustad aşıq Dədə Şəmşir barədə eşidib, onunla görüşməyə müvəffəq olub. Razılıq aldıqdan sonra Qurbanəlinin böyük qardaşını ustad Şəmşirin yanına şagird qoyub. Qardaşı Sakit sonralar tanınan aşıqlardan biri olub.
Usta Qurbanəli deyir: “Qardaşım hər dəfə əlində saz evə qayıdanda daha da həvəslənirdim. Onun kimi yaxşı ifa edə bilməsəm də, meylimi saz düzəltməyə saldım. Köhnə sazları sökür, hissələri, ölçüləri ilə maraqlanır, tanış olur, bu hissələri özüm düzəltməyə çalışırdım. Beləliklə, yavaş-yavaş sazbəndlik peşəsinin sirlərinə yiyələndim”.
Ustanın bildirdiyinə görə, ötən əsrin 70-ci illərinin əvvəlindən başlayaraq artıq sazbəndlik sənəti ilə peşəkar səviyyədə məşğul olmağa başlayıb, ömrünü, gününü bu peşəyə bağlayıb. İlk sifarişlərini də elə həmin vaxtlar alıb.
Usta Qurbanəli deyir ki, sazbəndlik çətin, vaxt tələb edən bir sənətdir. Saz düzəldərkən ilk növbədə keyfiyyətli ağac materialı tapmalısan. Sazın çanaq hissəsi tutdan, qolu isə qoz ağacından hazırlanır. Ağac materialları mütləq quru olmalıdır. Dəmyə torpaqlarda bitən iri gövdəli, yaşlı tut ağacından hazırlanan sazın səsi də yüksək, avazı xoş olur. Ölçülərinə görə sazın hazırlanmasına 10-15 gündən iki-üç ayadək vaxt tələb olunur. Həvəskarlar və uşaqlar üçün hazırladığı kiçik ölçülü sazların qiyməti 150-200 manatdan başlanır. Peşəkar ifaçılar üçün bağladığı sazın qiyməti isə min manatdan yuxarı olur.
Usta, eyni zamanda, sazda ifa etməyi də xoşlayır. “Ruhani”, “Baş Sarıtel”, “Dilqəmi”, “Dübeyti” onun ən sevdiyi saz havalarındandır.
Qurbanəli ustanın dediyinə görə, hazırda Şəkidə sazbəndlik sənəti ilə məşğul olan sənətkar demək olar ki, yoxdur. Çünki Tovuz, Qazax, Şəmkir, Ağstafa və digər bölgələrdən fərqli olaraq Şəkidə saz ifaçılığı ilə məşğul olanlar azdır. Bu səbəbdən də son dövrlər sifarişlər xeyli azalıb. Ona görə də usta Qurbanəli nəfəs musiqi alətlərinin hazırlanması ilə də məşğul olur. Ustanın düzəltdiyi zurna, balaban, tütək və digər nəfəs alətləri Şəkinin musiqi dükanları ilə yanaşı, paytaxt Bakı şəhərində də satılır.
Sazbənd Qurbanəli Qurbanov bu sənətin sirlərini hələlik heç kimə öyrətməyib, şagirdləri yoxdur. Deyir ki, hələ özüm indi-indi öyrənirəm. Ancaq buna baxmayaraq oğlu Fərid bu sənəti yaşatmaq fikrindədir. O, həm gözəl saz ifaçısıdır, həm də oyma sənəti ilə məşğul olur. Fərid musiqi alətlərinin hazırlanmasında da atasına yaxından kömək edir.

Keçidlər