Şriftin ölçüsü :

Saytın rəngi :

Kargüzarlıq işinin aparılması və vətəndaşların müraciətlərinə baxılması məsələləri müzakirə olunub

18 noyabr 2015 | 10:11

Yerli təhsil idarəetmə orqanlarında və təhsil müəssisələrində kargüzarlıq işinin aparılması və vətəndaşların müraciətlərinə baxılması ilə bağlı məsələlər noyabrın 17-də Şəki şəhərində keçirilən regional seminar-müşavirənin əsas müzakirə mövzusu olub.
Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən müşavirədə Prezident Administrasiyasının və nazirliyin rəsmiləri, həmçinin Şəki şəhər, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ və Ağdaş rayon təhsil müəssisələrinin rəhbərləri, kargüzarlıq-dəftərxana işçiləri iştirak ediblər.
Əvvəlcə Prezident İlham Əliyevin iştirakı ilə noyabrın 4-də istifadəyə verilmiş Qoxmuq kənd tam orta məktəbin yeni binası, burada şagirdlərin təhsili üçün yaradılan şəraitlə tanışlıq olub. Prezident Administrasiyası və Təhsil Nazirliyi tərəfindən məktəbin kitabxanasına ictimai-siyasi ədəbiyyat hədiyyə edilib.
Şəhər icra hakimiyyətinin akt zalında keçirilən müşavirəni Təhsil Nazirliyinin informasiya şöbəsinin müdiri Elnur Əliyev açaraq, kargüzarlıq işinin və vətəndaşların müraciətlərinə baxılması vəziyyətinin mövcud qanunvericiliyin tələblərinə uyğun təşkilinin əhəmiyyətini xüsusi vurğulayıb. Qurumun rəsmisi Təhsil Nazirliyində, eləcə də təhsil müəssisələrində vətəndaşların qəbulunun daha da təkmilləşdirilməsi, qəbula yazılma prosesinin avtomatlaşdırılması və nəticələrin müşahidə sisteminin yaradılması ilə bağlı görülən işlər barədə məlumat verib.
Sonra cari ildə nazirliyin 146 “Qaynar xətt” Telefon Məlumat Mərkəzinə daxil olan zənglər və Qəbul Mərkəzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
Şəki şəhər icra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov rayonda təhsilin inkişafı istiqamətində görülən işlərdən bəhs edərək, seminarda müzakirə olunan məsələnin vacibliyini vurğulayıb.
Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi müdirinin müavini İsrafil Qurbanov çıxışında idarəetmədə vətəndaşların müraciətləri ilə bağlı sənədlərlə işin düzgün qurulmasının, bu sahədə müasir texnologiyalardan istifadənin aktual məsələ olduğunu diqqətə çatdırıb. Bildirilib ki, Prezident İlham Əliyevin imzaladığı 2015-ci il 12 noyabr tarixli Fərmanla tətbiq olunan “Vətəndaşların müraciətləri haqqında” Qanun normativ hüquqi bazanın daha da təkmilləşdirilməsinə və müasirləşdirilməsinə xidmət edəcək.
Təhsil Nazirliyinin əməkdaşı Elmir Həsənov çıxışında kargüzarlıq sistemində sənədlərin hazırlanmasına və rəsmiləşdirilməsinə qoyulan tələblərdən, sənədlərə əlavələrin edilməsi, qərarların, sərəncamların, protokolların, əmrlərin hazırlanması və tərtib olunması qaydalarından, onların icrasına nəzarətin təşkili, işlənilmiş sənədlərin arxivdə saxlanılması prosesi ilə bağlı görülməli olan zəruri işlərdən, elektron sənədlərlə əlaqədar kargüzarlığın aparılması məsələlərindən ətraflı bəhs edib.
Diskussiya şəraitində davam edən seminarın sonunda müşavirə iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirilib.

Keçidlər