Şriftin ölçüsü :

Saytın rəngi :

Çövkən yarışlarında ilk dəfə güc sınağı milli oyunu nümayiş etdirilib

20 dekabr 2015 | 06:12

Şəkinin Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində Prezident Kuboku uğrunda çövkən milli oyunu üzrə yarışlar davam edir.
Yarışların üçüncü günü, dekabrın 18-də çövkən oyunu üzrə 1/16 qarşılaşmalar, həmçinin güc sınağı və yaylıq milli oyunları üzrə yarışlar keçirilib.
Çövkən milli oyunu üzrə qarşılaşmalarda aşağıdakı nəticələr qeydə alınıb:
Qax-Qəbələ 1:0, Yevlax-Qazax 2:0, Oğuz-Goranboy 3:1.
Sonra güc sınağı və yaylıq oyunları başlanıb. Xatırladaq ki, güc sınağı yarışları oyunların proqramına ilk dəfədir daxil edilib. Bu yarışlarda çövkən oyunu üzrə qarşılaşmalarda uduzan komandalar mübarizə aparırlar. Hər komandanın tərkibinə 5 iştirakçı daxildir. At belində olan iştirakçılar qoyun dərisinə bükülən 16 kiloqram ağırlığında yükü yerdən qaldırır və müəyyən məsafə (50-100 metr) qət edərək təyin olunan yerə qoyur.
Dekabrın 19-da çövkən milli oyunu üzrə 1/8 qarşılaşmalar, həmçinin baharbənd və papaq milli oyunları üzrə yarışlar keçiriləcək.
Prezident Kuboku uğrunda çövkən milli oyununa dekabrın 21-də yekun vurulacaq.
Xatırladaq ki, Azərbaycanın çövkən oyunu 2013-cü ildə UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Prezident Kuboku uğrunda çövkən milli oyunu artıq 10-cu dəfədir keçirilir.

Keçidlər