Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid zabitimiz Şəkidə torpağa tapşırılıb

12 aprel 2016 | 10:04

Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş hərbi əməliyyatlar zamanı şəhid olan baş leytenant, 1989-cu il təvəllüdlü Elnur İskəndərov aprelin 11-də doğulduğu Şəki şəhərində dəfn edilib.
    Şəhidin dəfn mərasimində Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, şəhidin döyüş yoldaşları, ictimaiyyətin nümayəndələri, minlərlə Şəki sakini iştirak edib.
    Şəhidin nəşi "Şəhidlər ölməz, Vətən bölünməz!", "Vətən sağ olsun!" şüarları ilə son mənzilə yola salınıb.
    İzdihamlı mərasimdə şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, şəhidin ailə üzvlərinə və yaxınlarına rayon ictimaiyyəti adından dərin hüznlə başsağlığı verib. O bildirib ki, bu gün Azərbaycanın güclü Ordusu vardır. Müstəqil Azərbaycanın torpaqlarına göz dikən düşmən bilməlidirlər ki, qüdrətli milli ordumuz xalqla birlikdə ayağa qalxıb, öz torpaqlarını azad edəcək. Müqəddəs şəhidlərin ruhları qarşısında hər kəs  vicdan borcunu yerinə yetirməyə hər an hazırdır. Vətən oğulları Ali Baş Komandan, cənab Prezidentimiz İlham Əliyevin əmrini gözləyir.  Milli Ordumuz qısa müddətdə torpaqlarımızı  azad edəcək, düşməndən qisas alacaq. O günə çox qalmayıb. Torpaqlarımızın azadlığı uğrunda şəhid olan igid oğullarımıza cənab Prezidentimiz, dövlətimiz tərəfindən böyük diqqət göstərilir və bundan sonra da göstəriləcək. Onların qanı yerdə qalmayacaq.
    Sonra dövlət himnimizin sədaları altında yaylım atəşi açılıb və şəhid zabitimiz torpağa tapşırılıb.
    Xatırladaq ki, E.İskəndərov 2007-ci ilin fevral ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılıb.  Ali Hərbi məktəbi bitirdikdən sonra, Bakı şəhərində N saylı hərbi hissədə leytenant rütbəsi ilə hərbi xidmətə başlayıb. Aprelin 2-dən 3-ə keçən gecə düşmənin silahlı qüvvələrinin cəbhədəki təxribatı nəticəsində Tərtər rayonu ərazisində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Keçidlər