Əkin sahələrində kimyəvi dərmanlama tədbirləri mütəxəssislərin nəzarəti altında həyata keçirilməlidir
Rayonumuzda fəaliyyət göstərən kənd təsərrüfatı məhsulları istehsalçıları əkin sahələrindən yüksək məhsuldarlıq əldə etmək üçün müasir aqro-texniki tədbirlərin həyata keçirilməsinə səy göstərirlər.
Müasir aqro-texniki tədbirlərin tərkibinə həmçinin bitki mühafizə vasitələrindən, mineral gübrələrdən istifadə daxildir.
İstehsalçılar əkin sahələrində mövcud olan bitki xəstəliklərinə, zərərvericilərə, alaq otlarına qarşı kimyəvi mübarizə apararkən müxtəlif növ insektisidlərdən, pesyisidlərdən və herbisidlərdən istifadə edirlər. Bu kimyəvi preparatların tərkibi çox mürəkkəb və insan orqanizmi üçün zərərlidir.
Odur ki, əkin sahələrində aqrokimyəvi maddələrdən istifadə zamanı çox diqqətli olmaq, maddələrdən normativlərə uyğun istifadə etmək, xüsusi geyim formaları ilə işləmək lazımdır.
Küləkli havada kimyəvi mübarizə tədbirlərinin aparılması tövsiyə edilmir. Kimyəvi mübarizə tədbirləri yaşayış məntəqələrindən 1 km aralı məsafədə aparılmalıdır.
Kimyəvi mübarizə tədbirindən sonra qalıqların içməli su mənbələrinə tökülməsi və istifadə olunan avadanlıqların içməli su mənbələrində yuyulması yolverilməzdir.
Bütün istehsalçılarımıza tövsiyə edirik ki, əkin sahələrində kimyəvi dərmanlama tədbirlərini Şəki rayon Bitki Mühafizə Mərkəzinin mütəxəssislərinin nəzarəti altında həyata keçirsinlər.