Şriftin ölçüsü :

Saytın rəngi :

1 Avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günüdür

01 avqust 2023 | 10:32

Qədim və zəngin mədəniyyətə malik Azərbaycan xalqı dünya sivilizasiyasına xeyli dəyərli töhfələr verib. Onların ilk nümunələri bəşər tarixinin böyük kəşfi olan yazı vasitəsi ilə Qobustan və Gəmiqaya təsvirləri, həmçinin epiqrafik abidələr şəklində daşların yaddaşına həkk olunaraq bu günədək yaşayır. Tarixi faktlar sübut edir ki, zaman-zaman Azərbaycan xalqı müxtəlif əlifbalardan istifadə edib.

Böyük Azərbaycan ədibləri, alimləri, mütəfəkkirləri, İslam mədəniyyətinin təşəkkül tapıb inkişaf etməsində mühüm rol oynayaraq bəşər sivilizasiyasını zənginləşdiriblər. Lakin əsrlərlə müxtəlif xalqların mədəni əlaqəsinə xidmət edən ərəb qrafikasının dilimizin səs sistemini bütün dolğunluğu ilə əks etdirə bilməməsi, onun quruluşu və xarakteri haqqında tam aydın təsəvvür yaratmaması XIX əsrin ikinci yarısından etibarən Mirzə Fətəli Axundzadə başda olmaqla, dövrün mütərəqqi maarifçi ziyalılarını əlifba islahatı problemi üzərində düşünməyə vadar edib. Bu, Azərbaycan xalqının həmin dövrdə yaşadığı tarixi şəraitdən doğan zərurət idi.

XX əsrin əvvəllərində cərəyan edən ictimai-siyasi və mədəni proseslərin gedişatı, mövcud əlifbanı daha münasibi ilə əvəz etmək ideyasını ortaya atmışdı.

1922-ci ildə Azərbaycan hökumətinin qərarı əsasında yeni Əlifba Komitəsinin yaradılması, həmin komitəyə Azərbaycan dili üçün latın qrafikalı əlifba tərtibinin tapşırılması yeni qrafikaya keçilməsi yolunda atılmış ilk ciddi addım oldu. 1923-cü ildən etibarən latın əsaslı əlifbaya keçmə prosesi sürətləndirildi. 1926-cı ildə keçirilmiş Birinci Umumittifaq Türkoloji qurultayın tövsiyələrinə cavab olaraq 1929-cu il yanvarın 1-dən etibarən Azərbaycanda kütləvi şəkildə latın qrafikalı əlifba tətbiq edildi. Həmin əlifba 1940-cı il yanvarın 1-dən kiril yazısı əsasında tərtib edilmiş yeni qrafikalı əlifba ilə əvəz olundu.

Müstəqilliyimizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azəraycan əlifbasının bərpasını zəruri etdi. Həmin vaxtdan müstəqil Azərbaycan Respublikasında tədricən latın qrafikalı milli əlifbamıza keçid mərhələsi başlandı.

Bu tarixi proses Ümummili liderimiz Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanına əsasən gerçəkləşdi. Prezident Heydər Əliyev latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycanın siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq 2001-ci il avqustun 9-da daha bir fərman imzaladı. Həmin fərmanla 1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü elan edildi. Həmin vaxtdan hər il avqust ayının 1-i Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

Azərbaycan əlifbası kimi, dilinin də hərtərəfli inkişafı, onun rəsmi dövlət dili statusu alması, beynəlxalq münasibətlər sistemində dünya diplomatiyasına yol açması məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. l978-ci ildə o vaxtkı SSRİ rəhbərliyinin ciddi narazılıq və etirazlarına baxmayaraq, Heydər Əliyevin böyük qətiyyəti sayəsində Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olduğunu təsdiq edən maddə daxil edilmişdi. Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də qəbul olunan ilk Konstitusiyasında xalq referendum yolu ilə öz mövqeyini nümayiş etdirərək, ölkədə dövlət dilinin Azərbaycan dili adlandırılmasına yekdilliklə tərəfdar olduğunu bildirdi.

Bundan sonrakı illərdə "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında", "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" imzaladığı fərmanlar, milli-mənəvi dəyərlərin qorunub saxlanması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasət Heydər Əliyevin azərbaycançılıq ideyasının formalaşması yolunda göstərdiyi misilsiz xidmətlərdəndir.

Ümummilli lider Heydər Əliyev ideyalarının layiqli davamçısı Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin doğma dilimizə həssaslıqla yanaşmasının nəticəsidir ki, Azərbaycan ədəbiyyatının, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi məhz İlham Əliyevin təşəbbüsü ilə baş tutdu. Prezidentin 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncam həm də əlifba ilə bağlı problemləri həll etdi.

Ölkə prezidentinin 2012-ci il mayın 23- də imzaladığı "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" sərəncam da onun ana dilimizə verdiyi böyük önəmdən xəbər verir.

Qeyd edək ki, Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dili və Azərbaycanda yaşayan müxtəlif xalqların əsas ünsiyyət vasitəsidir.

Ana dilimizin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və ənənələrini unutmamalı, onları təbliğ etməlidir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır. Bunlarsız isə vətənpərvərlik formulu yoxdur”.

Keçidlər