Şəki gəncləri öz bayramlarını yüksək əhval-ruhiyyə ilə qeyd etmişlər
2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Şəki şəhərindəki “Büllur” sarayında bayram tədbiri keçirilmişdir.
Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının gənclər birliyi və şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdikləri tədbirə ictimaiyyətin nümayəndələri, fəal gənclər qatılmışlar.
Gənclər təşkilatlarının nümayəndələri əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Şəhər İcra Hakimiyyətinin binası qarşısında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri qoymuş, xatirəsini ehtiramla yad etmişlər.
Gənclər və idman idarəsinin rəisi Vüqar İsgəndərov rayon gənclərinin 2012-ci ildə qazandıqları uğurlar barədə danışmışdır.
Bildirilmişdir ki, paytaxtdan sonra gənclər ən çox Şəkidə təşkilatlanmışlar. Hazırda bu şəhərdə gənclərin birləşdiyi 7 qeyri-hökumət təşkilatı, 11 vətənpərvərlik klubu fəaliyyət göstərir. “Yaddaş” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Gənclər və İdman Nazirliyinin təsis etdiyi ilin ən yaxşı altı gənclər QHT-sindən biri olmuşdur. 2012-ci ildə Şəkidə 8 Yay Məktəbi təşkil edilmişdir ki, bu layihələrdən 500-dən artıq gənc bəhrələnmişdir. Şəki komandası “Xəmsə” bilik yarışmasında gənclər arasında Azərbaycan çempionu adını qazanmışdır. Ötən il Şəkinin gənc idmançıları müxtəlif yarışlarda 51 qızıl, 42 gümüş, 50 bürünc medal əldə etmişlər
Tədbirdə çıxış edən Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Azərbaycanda dövlət gənclər siyasətinin, bədən tərbiyəsi və idmanın inkişafının ümummilli liderimiz Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu diqqətə çatdırmış, 1996-cı ildə ulu öndərin təşəbbüsü ilə gənclərin I Forumunun keçirilməsinin ölkəmizdə gənclər təşkilatlarının işinin əlaqələndirilməsində mühüm rol oynadığını xüsusi vurğulamışdır. Sevindirici haldır ki, bu gün gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.
Musiqi kollektivlərinin, gənc ifaçıların rəngarəng konsert proqramı ilə davam edən tədbirin sonunda ötən il müxtəlif sahələr üzrə “İlin qalibi” adına layiq görülən, habelə Şəkinin ictimai-siyasi həyatında fəal iştirak edən gənclərə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunmuşdur.