Şriftin ölçüsü :

Saytın rəngi :

Yaponiya hökumətinin dəstəyi ilə Şəkidə 16 layihə reallaşdırılıb

01 may 2016 | 02:04

Aprelin 29-da Şəki rayonunun Çayqaraqoyunlu kəndində Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” Proqramı çərçivəsində həyata keçirilən su təchizatı sisteminin tikintisi layihəsinin icrası uğurla başa çatıb.
Su təchizatı sisteminin istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi, şəhər rəhbərliyi və kənd sakinləri iştirak ediblər.
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, Yaponiyanın ölkəmizdəki səfirliyi ilə şəhər icra hakimiyyəti arasında əməkdaşlığın 15 ildir uğurla davam etdirildiyini bildirib. Diqqətə çatdırılıb ki, qrant yardımı proqramı çərçivəsində indiyədək Şəkidə bu layihə də daxil olmaqla, ümumi dəyəri 1 milyon 350 min ABŞ dolları olan 16 layihə reallaşıb. Bu layihələr məktəb tikintisi, tibb, ekologiya, su təchizatı və digər sahələri əhatə edir.
Bildirilib ki, icrası yenicə başa çatan bu layihə üzrə qrant müqaviləsi Yaponiya səfirliyi ilə “Şəki Ekologiya və Təhsil Mərkəzi” İctimai Birliyi arasında 2015-ci ilin oktyabrında imzalanıb. Layihənin əsas məqsədi Şəki şəhərindən 65 kilometr məsafədə yerləşən Çayqaraqoyunlu kəndinin əhalisinin suya tələbatının ödənilməsini təmin etməkdir. Bu layihə üzrə Yaponiya hökumətinin ayırdığı qrant yardımının ümumi məbləği 89 min 995 ABŞ dolları təşkil edir.
Şəkiyə növbəti səfərindən məmnun qaldığını bildirən səfir Tsuquo Takahaşi deyib ki, Yaponiya hökumətinin dəstəyi ilə həyata keçirilən layihələr insanların yaşayış səviyyəsini daha da yaxşılaşdırmaq məqsədi daşıyır. Diqqətə çatdırılıb ki, proqram çərçivəsində indiyədək Azərbaycanda ümumi dəyəri 18 milyon 37 min ABŞ dolları olan 211 layihə üzrə qrant müqaviləsi imzalanıb.
Su təchizatı sisteminin açılışını bildirən rəmzi lent kəsildikdən sonra mərasim iştirakçıları layihə çərçivəsində görülmüş işlərlə tanış olublar.

Keçidlər