Şəkinin Aşağı Göynük kəndində 651 abonentə təbii qaz verilib
Şəki rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində tədbirlər uğurla davam etdirilir.
Uzun illər fasilədən sonra aprelin 30-da rayonun Aşağı Göynük kəndinə yenidən təbii qaz verilib.
Bu münasibətlə keçirilən tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, şəhər icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin rəsmiləri, ictimaiyyətin nümayəndələri və kənd sakinləri iştirak ediblər.
651 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 947 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 57 min 170 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev çıxış edərək, ölkə əhalisinin təbii qazla təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər barədə məlumat verib. Bildirilib ki, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq, respublikamızın yaşayış məntəqələrinin qazlaşdırılması işi yüksək sürətlə davam etdirilir. SOCAR-ın prezidentinin bildirdiyinə görə, 10 il əvvəl Azərbaycanın yaşayış məntəqələrinin cəmi 40 faizi qazlaşdırılmışdısa, yalnız rayon mərkəzlərinə və Bakı şəhərinə təbii qaz verilirdisə, indi bütün rayon mərkəzləri 100 faiz, qəsəbə və kəndlər isə 90 faiz qazlaşdırılıb və bu iş davam etdirilir.
Qurumun rəsmisi bildirib ki, hazırda Şəki rayonunun 33 yaşayış məntəqəsinin əhalisi təbii qazdan istifadə edir. Eyni zamanda, 9 kənddə qazlaşma işləri davam etdirilir, 5 min 600-ə yaxın abonentin qazlaşdırılması nəzərdə tutulur. Bu işlər başa çatdıqdan sonra Şəki rayonu üzrə qazlaşma 85 faiz təşkil edəcək. Bu, dağlıq ərazidə yerləşən rayonlar üçün yüksək göstərici hesab olunur.
Şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov və kənd ziyalısı çıxış edərək, əhalinin sosial problemlərinin həllinə göstərdiyi diqqətə görə sakinlər adından Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb.