Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkili məktəb direktoru Fransanın Akademik Palma Ordeninə layiq görülüb

05 may 2016 | 02:05

Şəki şəhərindəki Bəxtiyar Vahabzadə adına 1 nömrəli tam orta məktəbin direktoru Tahirə Cabbarova Fransanın Akademik Palma Ordeninə layiq görülüb.
Məktəb direktoruna mükafatı Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşez təqdim edib.
Şəkiyə səfəri çərçivəsində fransalı diplomat 1 nömrəli tam orta məktəbdə olub, kollektivlə görüşüb, Şəki ilə qardaşlaşmış Fransanın Kolmar şəhərindən göndərilən dərslik və ədəbiyyatı məktəbə hədiyyə edib.
Görüşdə iştirak edən şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov Azərbaycan ilə Fransa arasında əlaqələrin qədim tarixə və dərin köklərə malik olduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, Fransanın ölkəmizdəki səfirliyi ilə Şəki Şəhər İcra Hakimiyyəti arasında təhsil, mədəniyyət, turizm və digər sahələrdə əlaqələr ildən-ilə genişlənir. Fransa səfirliyinin nümayəndələri Şəkidə keçirilən bayramlarda, tədbirlərdə yaxından iştirak edirlər. Diqqətə çatdırılıb ki, hazırda Şəkinin 13 məktəbində fransız dili tədris olunur. İki minə yaxın şagird bu dili öyrənir.
Kollektiv qarşısında çıxış edən səfir Orelia Buşez Şəkiyə səfərindən məmnun qaldığını bildirib.
Məktəblilərin fransız dilində hazırladıqları ədəbi-bədii kompozisiya fransalı qonaqlarda böyük maraq doğurub.
Sonra səfir Orelia Buşez 1972-ci ildən pedaqoq kimi fəaliyyət göstərən Tahirə Cabbarovanın fransız dilinin tədrisinə çox böyük töhfə verdiyini, onun yüksək fəaliyyətinin Fransanın Təhsil Nazirliyi tərəfindən də rəğbətlə qarşılandığını vurğulayıb. O.Buşez məktəbin direktoru Tahirə Cabbarovaya Fransanın Akademik Palma Ordenini təqdim edib.

Keçidlər