Şriftin ölçüsü :

Saytın rəngi :

Yaponiya hökumətinin dəstəyi ilə Şəkidə daha bir layihə həyata keçiriləcəkdir

05 fevral 2013 | 16:00

Fevralın 2-də “Şəki-Saray” otelində Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində həyata keçiriləcək “Şəki şəhərində peşə təlimi məktəbi binasının təmiri” layihəsi üzrə qrant müqaviləsinin imzalanma mərasimi keçirilmişdir.
Tədbirdə çıxış edən Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Yaponiyanın Azərbaycandakı səfirliyi ilə Şəki Şəhər İcra Hakimiyyəti arasında əməkdaşlığın artıq 12 ildir ki, davam etdiyini, qrant yardımı proqramı çərçivəsində indiyədək bu rayonda təhsil, ekologiya və sosial sahələri əhatə edən 12 layihənin reallaşdığını diqqətə çatdırmışdır. O qeyd etmişdir ki, yeni imzalanacaq layihə sayca on üçüncüdür. Bu layihələrin ümumi dəyəri 1 milyon 35 min ABŞ dolları təşkil edir.
Yaponiyanın ölkəmizdəki səfiri Şusuke Vatanabe Şəki Şəhər İcra Hakimiyyəti ilə əməkdaşlıqdan məmnun qaldığını bildirmiş, qrant yardımı proqramı çərçivəsində Azərbaycanda həyata keçirilən layihələr barədə məlumat vermişdir. Səfir qeyd etmişdir ki, 2010-cu ildə icrasına başlanan bu proqram çərçivəsində indiyədək Azərbaycanda təhsil, səhiyyə, ekologiya və sosial sahələr üzrə ümumi dəyəri 11 milyon 813 min ABŞ dolları olan 154 layihə üzrə qrant müqavilələri imzalanmışdır. Yeni imzalanan layihənin ümumi dəyəri isə 122 min 513 ABŞ dolları təşkil edir.
Layihənin məqsədi Şəki peşə məktəbində oxuyacaq şagirdlərin təhsil şəraitini yaxşılaşdırmaqdır. Məktəbdə Şəki və qonşu rayonlardan olan şagirdlər təhsil alacaqlar.
Sonra səfir Şusuke Vatanabe və “Şəki Ekologiya və Təhsil Mərkəzi” İctimai Birliyinin rəhbəri Əlirza Məhərrəmov yeni layihəni imzalamışlar.
 

Keçidlər