“Tour d'Azerbaidjan-2016” beynəlxalq veloyürüşünün iştirakçıları Şəki şəhərində olmuşlar
Mayın 6-da ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Beynəlxalq Velosipedçilər İttifaqının dəstəyi ilə Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təşkil olunan “Tour d'Azerbaidjan-2016” beynəlxalq velosiped turunun üçüncü mərhələsi keçirilib.
Qəbələdə start götürən velosipedçilər Qəbələ-Şəki-Qəbələ marşrutu üzrə 177,2 kilometr məsafə qət ediblər.
Şəki-Oğuz yolu boyu yerləşən yaşayış məntəqələrinin, həmçinin şəhərimizin sakinləri, gənclər veloyürüş iştirakçılarını yüksək hərarətlə salamlamışlar. Veloyürüşün iştirakçıları Şəki şəhərində N.Nərimanov küçəsi - 20 Yanvar küçəsi - M.Ə.Rəsulzadə prospekti - Heydər Əliyev prospekti - Bağbanlar küçəsi - Heydər Əliyev prospekti - M.Ə.Rəsulzadə prospekti - Oğuz şossesi marşrutu üzrə hərəkət etmişlər.
Üçüncü mərhələnin qalibi Azərbaycanın elit yığmasının və “Synergy Baku Cycling Project” kontinental komandasının üzvü Matey Muqerli olub. O, Qəbələ-Şəki-Qəbələ marşrutu üzrə 177,2 kilometr məsafəni hamıdan tez qət edib. Bu marşrut üzrə Markus Eyberq (“Filbermayer”, Avstriya) ikinci və Luka Vakermann (NƏSR-Dubay) isə üçüncü olub.
Xatırladaq ki, ikinci günün nəticəsinə görə, Azərbaycanın elit yığmasının və “Synergy Baku Cycling Project” kontinental komandasının üzvü, ölkəmizi “Rio-2016” Yay Olimpiya Oyunlarında təmsil edəcək Maksim Averin veloyürüşün ikinci mərhələsinin qalibi olub. O, Bakıdan İsmayıllıyadək olan 186,5 kilometr məsafəni hamıdan tez qət edib.
Veloyürüşdə 19 ölkədən 21 komanda iştirak edir. İştirakçılar 4-cü mərhələdə Qəbələ-Pirqulu (115,3 km) və sonuncu mərhələdə Bakı-Abşeron-Bakı (158 km) marşrutu üzrə ümumilikdə 791 kilometr məsafə qət edəcəklər.