Faşizm üzərində qələbənin 71-ci ildönümü münasibətilə Şəkidə müharibə veteranları ilə görüş keçirilmişdir
Mayın 9-da İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 71-ci ildönümü münasibətilə Şəkidə müharibə veteranları ilə görüş keçirilmişdir.
Şəki Şəhər İcra Hakimiyyətində bayram süfrəsi arxasında keçirilən görüşdə
çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov faşizm üzərində qələbənin 71-ci ildönümü münasibətilə veteranları və tədbir iştirakçılarını təbrik etmişdir. O qeyd etmişdir ki, bəşər tarixinin ən dəhşətli müharibəsində qələbənin əldə olunmasına Azərbaycan xalqı da böyük töhfələr verib. İkinci dünya müharibəsi illərində Azərbaycan xalqı ön və arxa cəbhədə böyük qəhrəmanlıq göstərib. Bu müharibədə xalqımız 640 mindən çox oğul və qızını cəbhəyə yola salıb ki, onların təxminən yarısı döyüşlərdə həlak olub.
Bildirilmişdir ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Qələbə Günü Azərbaycanda dövlət səviyyəsində qeyd edilir, müharibə veteranlarına dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Bu ənənə Prezident İlham Əliyev tərəfindən də davam etdirilməkdədir.
İkinci Dünya müharibəsində alman faşizmi üzərində tarixi Qələbənin əldə edilməsində şəkililərin də xidmətləri olduğu vurğulamışdır. Qeyd olunmuşdur ki, hazırda Şəkidə 19 nəfər müharibə veteranı var.
Mərasimdə digər çıxış edənlər Qələbənin ildönümləri münasibətilə hər il ölkə miqyasında keçirilən bayram tədbirlərinin dövlətimizin başçısı tərəfindən müharibə veteranlarına göstərilən diqqət və qayğının təzahürü olduğu diqqətə çatdırılmış, görüşün təşkilinə görə Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubova minnətdarlıqlarını bildirmişlər.
Tədbirin sonunda müharibə iştirakçılarına maddi yardım edilmişdir.