Şəkidə təsərrüfatbaşına uçot sənədlərinin tətbiqinə dair zona müşavirəsi keçirilib
Mayın 17-də Şəkidə kənd inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçot sənədlərinin tətbiqinə dair zona müşavirəsi keçirilib.
Dövlət Statistika Komitəsinin və Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən müşavirənin başlıca məqsədi yeni təsərrüfatbaşına uçot sənədlərinin tətbiqi və aparılması ilə bağlı məsul şəxslərin təlimatlandırılmasıdır. Zona müşavirəsində Şəki, Balakən, Zaqatala və Qax şəhər və rayonlarının yerli icra hakimiyyəti başçılarının aidiyyəti müavinləri, kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, statistika orqanlarının rəhbərləri, uçot sənədlərinin aparılmasına məsul olan şəxslər iştirak edirlər.
Tədbirdə Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimovun, Prezident Administrasiyasının məsul işçisi Rüfət Əliyevin, Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənovun mövzu ilə bağlı çıxışları dinlənilib.
Qeyd olunub ki, Prezident İlham Əliyevin ölkənin bütün iqtisadi sahələri, o cümlədən kənd təsərrüfatı üzrə statistik uçotun təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq Dövlət Statistika Komitəsi tərəfindən zəruri islahatlar həyata keçirilir, beynəlxalq təcrübə öyrənilərək statistika sisteminin inkişafı üçün müvafiq tədbirlər görülür. Bu istiqamətdə aparılan irihəcmli işlərdən biri də kənd təsərrüfatı statistikasının təşkili üçün mühüm informasiya mənbəyi olan və kənd yaşayış məntəqələri üzrə hər bir təsərrüfat haqqında geniş məlumat almaq imkanı verən təsərrüfatbaşına uçot sənədlərinin təkmilləşdirilməsidir. Belə ki, 1934-cü ildən ciddi dəyişiklik edilmədən tətbiq olunan “Təsərrüfatbaşına kitab” və digər uçot formaları hazırlanarkən göstəricilər sistemləşdirilib, bir çox uyğunsuzluqlar aradan qaldırılıb, eyni zamanda, əhalinin ərzaq təhlükəsizliyinin təminatında strateji əhəmiyyətə malik məhsullara dair yeni məlumatların əldə olunması zərurəti nəzərə alınıb. Cari uçot sənədinə təsərrüfatın mülkiyyətində və istifadəsində olan kənd təsərrüfatı texnikası ilə bağlı yeni bölmənin, mal-qara və quşların bölgüsünə dair göstəricilərin əlavə edilməsi əvvəllər seçmə statistika müşahidələri əsasında toplanan, region və ölkə səviyyəsində müxtəlif metodlarla qiymətləndirilən məlumatların indi bütün təsərrüfatlar üzrə ilkin mənbədən əldə edilməsinə imkan verəcək. Ən əsası isə torpaqların suvarılmasında istifadə olunan mənbələr, əkin üçün nəzərdə tutulmuş torpaqların bitkiçilik məhsulları üzrə bölgüsü haqqında ilkin uçotun aparılması vəzifəsi qarşıya qoyulub ki, bu da torpaqlardan istifadə və məhsul yığımı ilə bağlı daha dəqiq məlumatların toplanaraq rəhbər orqanlara və digər istifadəçilərə təqdim edilməsi məqsədini daşıyır.
Müşavirədə kənd inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçot sənədlərinin tərtibi qaydaları slaydlar vasitəsi ilə tədbir iştirakçılarına təqdim olunub, onları maraqlandıran suallar cavablandırılıb.