Respublika Ağsaqqallar Şurası Şəki rayon təşkilatının konfransı keçirilmişdir
Fevralın 5-də Respublika Ağsaqqallar Şurası Şəki rayon təşkilatının növbəti konfransı keçirilmişdir. Konfransda ağsaqqallarla yanaşı şəhər rəhbərliyi, ziyalılar, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Konfransda Şuranın rayon təşkilatının sədri Vahid Qəniyevin təşkilatın ötən konfransdan keçən dövr ərzindəki fəaliyyətinə dair hesabatı dinlənilmişdir.
Bildirilmişdir ki, respublikamızda ağsaqqallar hərəkatının çox qədim və zəngin ənənələri vardır. Müsəlman dünyasında, xüsusilə türkdilli xalqlarda, o cümlədən Azərbaycanda ağsaqqal həmişə öz yüksək nüfuzu, böyük təsir gücünə malik olan hikmətli sözü ilə ailəyə, gənclərə, bütün el-obaya müdriklik təlqin etmiş, yeni doğulmuş uşaqlara ad, nikah kəsdirənlərə xeyir-dua vermişdir. Ağsaqqallar xalqın ən yaxşı adət-ənənələrini qoruyub saxlayaraq nəsildən-nəslə ötürmüşlər. Onlar, eyni zamanda, yaşayış məntəqələrinin abadlaşdırılmasında, sosial məsələlərin həllində təsirli rol oynamışlar.
Qeyd olunmuşdur ki, hazırda rayonda 450-yə yaxın ağsaqqalı özündə birləşdirən 62 ağsaqqallar qrupu fəaliyyət göstərir. Yerlərdə yaradılmış ağsaqqal qrupları yerli icra və bələdiyyə orqanları ilə əlaqəli fəaliyyət göstərərək sosial-mədəni məsələlərin həllində, abadlıq işlərində, münaqişələrin, çətinliklərin aradan qaldırılmasında yaxından iştirak edirlər.
Konfransda çıxış edən şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov cəmiyyətin ən hörmətli təbəqəsi sayılan ağsaqqallara Azərbaycanda, xüsusilə də Şəkidə həmişə böyük hörmət və ehtiram bəsləndiyini bildirmiş, onlara cansağlığı, uğurlar arzulamışdır. E.Usubov ötən il Şəkidə həyata keçirilmiş tədbirlərdən danışmış, 2013-cü ildə icra olunacaq irimiqyaslı layihələr haqqında məlumat vermişdir.
Konfransda təşkilatı məsələyə baxılmışdır.
Vahid Qəniyev yenidən Şuranın rayon təşkilatının sədri seçilmişdir. Konfransda, həmçinin Şuranın və idarə heyətinin yeni tərkibi müəyyənləşdirilmiş, Respublika Ağsaqqallar Şurasının növbədənkənar qurultayına nümayəndə seçilmişdir.