Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki rayonunun Köndələn kəndinə təbii qaz verilib

25 may 2016 | 07:05

Mayın 24-də Şəki rayonunun Köndələn kəndinə ilk dəfə təbii qaz verilib.
214 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 18 min 80 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Bu münasibətlə keçirilən mərasimdə bildirilib ki, ölkə əhalisinin təbii qazla təminatının yaxşılaşdırılması Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublikanın yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir.
Diqqətə çatdırılıb ki, hazırda Şəki rayonunun 34 yaşayış məntəqəsinin əhalisi təbii qazdan istifadə edir. Eyni zamanda, 8 kənddə qazlaşma işləri aparılır.
Kənd ağsaqqalları, ziyalılar çıxış edərək, əhalinin sosial problemlərinin həllinə göstərdiyi diqqətə görə sakinlər adından Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb.

Keçidlər