Şəkidə kənd təsərrüfatı işlərinin gedişi və aqrar sektorun inkişaf perspektivlərinə həsr olunan müşavirə keçirilmişdir
Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanda kənd təsərrüfatının inkişafında yeni mərhələ başlanıb. Yeni iqtisadi mərhələdə kənd təsərrüfatının müasir texnologiyalar əsasında inkişafına nail olmaq, yerlərdə potensial imkanlardan maksimum yararlanmaq, müasir tələblərə cavab verən iri istehsal və emal sahələri yaratmaq, torpaqlardan səmərəli istifadə etmək, ixracyönümlü məhsulların istehsalına diqqəti artırmaq qarşıya qoyulan başlıca vəzifələrdəndir.
Bu fikirlər Şəkidə kənd təsərrüfatı işlərinin gedişi və aqrar sektorun inkişaf perspektivlərinə həsr olunan müşavirədə səsləndirilib.
Müşavirədən əvvəl rayonlarda aqrar sektorun inkişaf perspektivlərinin öyrənilməsi və operativ tədbirlərin görülməsi məqsədilə yaradılan işçi qrupunun rəhbəri, Azərbaycan Respublikası Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi xidmətinin Aqrar və sənaye məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov, qrupun üzvləri və şəhər icra hakimiyyətinin rəhbərliyi yerlərə gedərək fermerlərlə görüşüb, təsərrüfat işlərinin gedişi ilə maraqlanıblar.
İşçi qrupunun üzvləri əvvəlcə Orta Zəyzid kəndinin ərazisində müasir texnologiyalar əsasında yeni salınan meyvə bağına baxıblar. 78 hektar ərazisi olan bağda İtaliya və Fransadan gətirilən müxtəlif növ meyvə - ərik, şaftalı, nektarin, armud və gavalı tingləri əkilib. Hazırda ərazidə aqropark yaradılır. Burada soyuducu kameraların, qablaşdırma və digər obyektlərin tikintisi nəzərdə tutulub. İstehsal olunacaq ekoloji təmiz məhsul daxili bazarla yanaşı, xarici bazarlara da çıxarılacaq.
Sonra Çeşməli kəndinin ərazisində yerləşən “Fauna” MMC-nin müasir istixana kompleksi ilə tanışlıq olub. İllik istehsal gücü 800 ton olan istixanada yetişdirilən pomidor əsasən Rusiya bazarlarına göndərilir. İşçi qrupunun üzvləri Böyük Dəhnə kəndində ipəkqurdunun bəslənməsi prosesi ilə də tanış olublar.
Dövlət qurumlarının rəsmiləri sonra Şəki şəhərində fəaliyyət göstərən “Sünbül” çörək zavoduna gəliblər. Bildirilib ki, müəssisədə hazırda gün ərzində 5-6 ton çörək istehsal edilir.
Mayın 25-də şəhər icra hakimiyyətinin iclas zalında fermerlərin, aqrar sahədə çalışan sahibkarların, təsərrüfat rəhbərlərinin, kənd təsərrüfatı mütəxəssislərinin, aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə müşavirə keçirilib.
Şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov rayonda kənd təsərrüfatı işlərinin gedişi, ənənəvi sahələrdən olan taxılçılığın, baramaçılığın, tütünçülüyün inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. Bildirilib ki, Şəkidə 2016-cı ilin məhsulu üçün 67 min 373 hektar sahədə payızlıq taxıl əkilib. Cari mövsümdə rayonda 200 min tondan çox taxıl istehsal edilməsi proqnozlaşdırılır. Rayonda baramaçılığın və tütünçülüyün inkişaf etdirilməsi üçün potensial imkanlar mövcuddur.
Prezident Administrasiyasının şöbə müdiri Azər Əmiraslanov dövlətimizin başçısının müvafiq tövsiyə və tapşırıqlarına əsasən yaradılan işçi qrupu tərəfindən yerlərdə keçirilən belə müşavirələrin rayonların aqrar sahədə potensialını və imkanlarını öyrənmək, mövcud problemlərlə bağlı fermerlərlə açıq fikir mübadiləsi aparmaq məqsədi daşıdığını diqqətə çatdırıb. Bildirilib ki, tütünçülük və baramaçılıq kənd təsərrüfatında ən gəlirli sahələrdən hesab olunur və bu sahələrin çox böyük perspektivləri var. Dövlət bu sahələrə uzunmüddətli inkişaf baxımından yanaşır. Tütünçülük və baramaçılığın inkişafı üçün bütün imkanlar səfərbər edilib, hədəflər müəyyənləşdirilib.
Diqqətə çatdırılıb ki, bu il rayonda 730 hektarda tütün əkilməsi nəzərdə tutulub. 1986-cı ilin statistik göstəricilərinə görə, rayonda tütün əkini sahələri 3013 hektar, tütün istehsalı isə 15195 ton təşkil edirdi. Tütün istehsalının həcminə görə Şəki respublikada ilk yerlərdən birini tuturdu.
Qeyd olunub ki, bu il rayonda barama istehsalının 8,5 tona çatdırılması planlaşdırılır. Vaxtilə rayonda 331 ton barama istehsal olunurdu. Bütün bunlar göstərir ki, Şəkidə tütünçülük və baramaçılıq sahəsində böyük təcrübə toplanıb, bu sahələrin inkişafı üçün yaxşı imkanlar var.
Ölkənin davamlı və dayanıqlı inkişafının təmin olunmasında aqrar sektorun rolunu xüsusi vurğulayan Azər Əmiraslanov bildirib ki, respublika əhalisinin yarısı kənd yerlərində yaşayır, məşğul əhalinin 40 faizə yaxını kənd təsərrüfatında çalışır. Aqrar sahədə çalışan işçilərin, fermerlərin həyat səviyyəsinin yüksəldilməsi sosial baxımdan dövlətin əsas vəzifələrindən biri olaraq müəyyən edilib.
Müşavirədə kənd təsərrüfatına dövlət dəstəyinin təşkili, torpaqlardan səmərəli istifadə edilməsi, iri təsərrüfatların və aqroparkların yaradılması, kənd təsərrüfatında uçot və statistika işinin düzgün qurulması və digər məsələlər geniş müzakirə olunub.
Diskussiya şəraitində davam edən müşavirədə həlli vacib olan bir sıra problemlərdən bəhs edilib, təkliflər səsləndirilib. Bildirilib ki, suvarma işlərini yaxşılaşdırmaq üçün Əlican çayı üzərində iritutumlu su bəndinin tikintisinə, Cəyirli su anbarının yenidən qurulmasına, Şirvan kanalı üzərində quraşdırılan Xanabad nasos stansiyasının istismara verilməsinə ehtiyac var. Müşavirədə, həmçinin aqroservis xidmətinin yaxşılaşdırılması, maşın-traktor parkının yenilənməsi, servis xidmətlərinin tarif qiymətinin aşağı salınması, Turan qəsəbəsində və Aşağı Göynük kəndi ərazisində yanğından mühafizə bölmələrinin yaradılması və digər məsələlər barədə təkliflər səsləndirilib.