Şriftin ölçüsü :

Saytın rəngi :

“Şəki-İpək” ASC indiyədək istehsalçılardan 3 tona yaxın barama qəbul edib

04 iyun 2016 | 03:06

“Şəki-İpək” ASC respublikanın baramaçılıqla məşğul olan rayonlarında barama tədarükünə başlayıb.
Səhmdar Cəmiyyətin məsul nümayəndəsi Teymur Musayev AZƏRTAC-a bildirib ki, istehsalçılardan indiyədək 3 tona yaxın barama qəbul edilib. Kümçülərə təhvil verdikləri yaş baramanın hər kiloqramı üçün Cəmiyyət tərəfindən yerindəcə 8 manat ödənilir.
Qurumun rəsmisinin bildirdiyinə görə, orta məhsuldarlıq qənaətbəxşdir. Hər qutu ipəkqurdu toxumundan nəzərdə tutulduğu qədər barama götürülür.
Xatırladaq ki, bu il respublikamızda 75 ton yaş barama istehsalı proqnozlaşdırılır. Bu məqsədlə aprelin axırı və mayın əvvəllərində 23 rayonun fermerlərinə pulsuz ipəkqurdu toxumları paylanılıb. Hələlik Ucar, Zərdab, Kürdəmir, Ağsu, Yevlax, Göyçay, Ağdaş, Ağcabədi, Şəki, Qax və Zaqatala rayonlarında istehsalçılardan barama qəbul olunur. Yaxın günlərdə digər rayonlarda da barama tədarükünə başlanılacaq.

Keçidlər