Şəki şəhərində dini radikalizmə qarşı mübarizədən bəhs edən “Fitnə” filminin təqdimatı olub
İyunun 3-də Şəki şəhərindəki 10 nömrəli tam orta məktəbdə ictimaiyyət nümayəndələrinin, gənclərin, orta məktəblərin yuxarı sinif şagirdlərinin iştirakı ilə dini radikalizmə qarşı mübarizədən bəhs edən “Fitnə” sənədli filminin təqdimatı olub.
Filmin nümayişindən əvvəl çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Sadiq Yusifov dini radikalizmin bu gün bütün dünyanı narahat edən ən ciddi problemlərdən birinə çevrildiyini diqqətə çatdırıb. Ölkəmizdə dini radikalizm və dini ekstremizm kimi mənfi meyllərə qarşı dövlət tərəfindən davamlı tədbirlərin həyata keçirildiyini qeyd edən icra hakimiyyətinin təmsilçisi belə meyllərə qarşı mübarizədə maarifləndirmənin mühüm rol oynadığını vurğulayıb. Bildirilib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Fitnə” sənədli filmi bu baxımdan mühüm əhəmiyyətə malikdir. Filmdə radikalizmlə mübarizənin dini, psixoloji, hüquqi, siyasi və mənəvi aspektləri öz əksini tapıb.
Sonra “Fitnə” sənədli filminə baxış olub.
Filmin nümayişindən sonra tədbirdə iştirak edən AR Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi sədrinin 1-ci müavini Səyyad Aran çıxış edərək belə filmlərin gənclərin maarifləndirilməsi, milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi, ölkəmizdə mövcud olan tolerant mühitin qorunması və təbliği baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib. Filmin gənclərin radikal dini qrupların təsirindən qorumağın təbliğinə yönəldiyini qeyd edən Səyyad Aran bu sahədə gənclərə dəyərli tövsiyələr verib, gənclərin ekstremist təmayüllü dini cərəyanlara qoşulmaması üçün mili-mənəvi dəyərlərə, dövlətinə bağlı, vətənpərvər tərbiyə olunmasının önəmli olmasını vurğulayıb.
Tədbirdə gənclərimizin radikal dini cərəyanların təsiri altına düşməməsi və bu istiqamətdə məlumatlandırılmasının təmin edilməsi üçün bu tipli maarifləndirici filmlərin əhəmiyyəti diqqətə çatdırılıb.