Şriftin ölçüsü :

Saytın rəngi :

Ötən il Şəkinin tarixində ən uğurlu illərdən biri kimi yadda qalacaqdır

10 fevral 2013 | 16:00

Şəki Şəhər İcra Hakimiyyətində 2012-ci ilin yekunlarına həsr olunmuş geniş yığıncaq keçirilmişdir.
Yığıncaq iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzmüş, dahi şəxsiyyətə ehtiramlarını bildirmişlər.
Şəhər icra hakimiyyətinin foyesində rayonda istehsal olunan məhsulların və el sənətkarlarının əl işlərindən ibarət sərgiyə baxış olmuşdur.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov ötən ilin yekunları və qarşıda duran vəzifələrə dair hesabat məruzəsi ilə çıxış etmişdir. Məruzədə bildirilmişdir ki, 2012-ci il şəkililər üçün, ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın Şəkiyə səfərləri ilə yaddaqalan olmuşdur. Dövlətimizin başçısı sentyabrın 9-da Şəkiyə səfəri çərçivəsində 423 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbənin, Sahibkarlığa Kömək Milli Fondunun güzəştli krediti hesabına inşa olunmuş taxıl anbarı və dəyirman kompleksinin, dördulduzlu “Shaki Palace” otelinin açılışında, habelə Heydər Əliyev Mərkəzinin təməlqoyma mərasimində iştirak etmiş, Mirzə Fətəli Axundzadənin adını daşıyan mədəniyyət və istirahət parkında aparılan yenidənqurma işləri ilə tanış olmuşdur.
Bildirilmişdir ki, həmin səfərdən bir neçə gün sonra, sentyabrın 12-də Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın və xanımının dövlətimizin başçısı ilə birlikdə Şəkinin qonağı olması şəhərin ictimai-siyasi həyatında çox mühüm tarixi hadisə kimi yadda qalmışdır.
Hesabat ilində iqtisadi sahədə əldə olunan uğurlar barədə məlumat verilərək bildirilmişdir ki, ötən il rayonda faktiki qiymətlərlə 370 milyon 758 min manatlıq məhsul istehsal edilmiş, ümumi məhsul buraxılışının əvvəlki illə müqayisədə 5,3 faiz artmışdır. Qeyd olunmuşdur ki, 2012-ci ildə pərakəndə əmtəə dövriyyəsi əvvəlki ilə nisbətən 10 faiz artaraq 237 milyon 121 min manat, iqtisadi və sosial sahələrin inkişafına yönəldilmiş investisiyaların həcmi isə 11,4 faiz artaraq 111 milyon 480 min manat təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyanın 90,3 milyon manatı və ya 81 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir. Hesabat dövründə SKMF tərəfindən Şəki rayonu üzrə 27 sahibkara 330 min manat məbləğində güzəştli kredit verilmişdir. İl ərzində rayonda 1246 yeni iş yeri açılmışdır.
Ötən il taxılçılığın və heyvandarlığın inkişafı diqqət mərkəzində saxlandığı, rayonda rekord miqdarda - 256 min ton taxıl istehsal olunduğu bildirilmişdir.
Qeyd olunmuşdur ki, 2012-ci ildə Şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə Şəki şəhərinin Baş Planını hazırlamışdır. Baş Planda bir sıra infrastruktur layihələrinin həyata keçirilməsi, şəhərin genişlənməsi, perspektivdə Oxud, İnçə, Kiş və Qoxmuq kəndlərinin şəhərin ərazisinə daxil edilməsi və digər məsələlər nəzərdə tutulmuşdur.
Bildirilmişdir ki, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər ötən ildə də davam etdirilmiş, şəhərdəki 5 nömrəli tam orta məktəb üçün 320 şagird yerlik yeni tədris korpusu, Çələbixan qəsəbəsi və Şorsu kəndində yeni məktəb binaları tikilib istifadəyə verilmişdir. Bundan əlavə, bölgədə baş vermiş zəlzələ zamanı qəzalı vəziyyətə düşmüş 12, 14 və 17 nömrəli məktəblər üçün yeni məktəb binalarının tikintisinə başlanmış, bu məktəblərdən ikisi artıq istifadəyə verilmişdir.
Qeyd olunmuşdur ki, ötən il şəhərin yeni yaşayış massivində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli yeni bina tikilib istifadəyə verilmiş, qəzalı vəziyyətdə olan yaşayış evlərindən köçürülən sakinlər üçün 24 mənzilli yeni binanın tikintisinə başlanılmışdır. İl ərzində 1515 mənzil təbii qazla təmin edilmiş, rayon üzrə abonentlərin sayı 19 min 409-a çatdırılmışdır.
Tədbirdə 2012-ci ildə Şəkidə “İpək Yolu” III Beynəlxalq Musiqi Festivalı və Şəki xanları sarayının 250 illik yubileyinə həsr olunmuş böyük bayram tədbirlərinin keçirildiyi, dahi mütəfəkkir Mirzə Fətəli Axundzadənin 200 illiyinin böyük təntənələrlə qeyd olunduğu bildirilmişdir.
Yığıncaqda AMEA Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov, deputatlardan Əli Məsimli, Cavanşir Feyziyev, Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul işçisi Əflatun Rufiyev çıxış etmişlər.
Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.
 

Keçidlər